Bakı. TurkicWorld:
Qazax-qırğız folklorunu toplayaraq elmi dövriyyəyə daxil edənlərdən biri də görkəmli etnoqraf alim Çokan Vəlixanov olub. Bir müddət hərbi xidmətdə olan tədqiqatçı maraqlı rəsm əsərlərinin də müəllifi kimi tanınıb.
Çokan (əsl adı Məhəmməd Həkəfiyə) Çingiz oğlu Vəlixanov 1835-ci ildə Qazaxıstanın Kokçetav (Göycədağ) vilayətinin Kuşmurun qəsrində dünyaya göz açıb. Orta Qazax Cuzu Ablay xanın nəslindən olan atası, oğlunun təlim-tərbiyəsinə çox diqqət yetirib. Çokan əvvəlcə molla məktəbində təhsil alıb. Onun mənəvi inkişafında sinəsi folklor örnəkləri ilə zəngin olan nənəsi Ayxanımın da böyük təsiri olub. 1847-1853-cü illərdə Omsk Kadet Korpusunda hərbi təhsil alıb. Burada rus dili ilə yanaşı, fransız və alman dillərini də öyrənib. İstedadlı gənc, xalqının tarixi, folkloru ilə yaxından maraqlanır, qazax səhralarının bəzi rayonlarının topoqrafiyasını öyrənir. Bir neçə maraqlı yerlərin xəritəsini və ilk qazax rəssamı kimi “Böyük Orda qazaxları”, “Sartay tayfasından olan Sarı Baqış” və s. tabloları çəkir.
Təhsilini müvəffəqiyyətlə başa vuran Ç.Vəlixanov Sibirdəki rus-qazax süvari alayının şeypurçular bölüyünə komandir təyin edilir. Həmin vaxtlar çara sui-qəsd təşkil etdiklərinə görə Rusiya tarixində “petraşevçilər” kimi ziyalıların bir qrupu Sibirə sürgün olunmuşdu. 19 yaşlı Çokan 1854-cü ildə sürgündə olan məşhur yazıçı F.M.Dostoyevski və şair S.F.Durovla tanış olur. O, ikinci dəfə Dostayevski ilə Semplatinskdə görüşüb...
Türküstanda yaşayan türklərin ləhcələri ilə yanaşı, ərəb və fars dillərini bilməsi, iti yaddaşı, xüsusən dil öyrənmək bacarığı Çokanı tezliklə hərbçilər arasında məşhur edir. Qərbi Sibirin general-qubernatoru Qustav Qasfort onu özünə yavər götürür, onun məharəti haqqında rəhbərliyi məlumatlandırır. O, hərbi-strateji araşdırmalar qrupuna daxil edilir. Sonra isə müdafiə və daxili işlər nazirliklərinin Asiya departamentinə dəyişilir. Müsəlman olması, çox dil bilməsi Ç.Vəlixanova şans verir. Yerli hakimlərin saraylarına yol tapır. O, 1855-ci ildə qazaxların və Sibir türklərinin Yeddi su adlanan bölgəsinə və Kokand xanlığına gedən ekspedisiyanın tərkibinə daxil edilir. Ona Sibir xalqlarının adət-ənənəsini və dünyagörüşünü öyrənmək tapşırılır. Alimlər onun folklorçu və etnoqraf məharətinə heyran qalırlar.
İli çayı boyunca elmi heyətlə birlikdə ekspedisiyaya gedən Ç.Vəlixanov, burada manasçılarla görüşür. Üç gün, üç gecə “Manas” dastanını dinləyir. Kuketay xan haqqında olan qolu toplayır. Bu dastanın ilk yazıya alınmış hissəsi hesab olunur. O, yalnız “Manas” dastanını toplamaqla kifayətlənmir, “Kozı Korpeş və Bayan Sulu” dastanını da elm aləminə məlum edir.
Rəssamlıq qabiliyyəti olduğuna görə o, getdiyi yerləri yalnız sözlə təsvir etmir, qələm və fırça ilə də rəsmlərini çəkir. Bu rəsmlər Rusiyanın müvafiq dövlət orqanları üçün olduqca vacib material sayılır. 1857-ci ildə Ç.Vəlixanov Rusiya Coğrafiya Cəmiyyətinə üzv qəbul edilir.
Səyyah-coğrafiyaçı Semyonov-Tyanşanski 1856-ci ildə Ç.Vəlixanovla Kaşkara yola çıxır. Ağıllı və səbirli davranışı ilə ölümün pəncəsindən qurtulan alim üç il sonra zəngin materialla geri dönür. Müdafiə nazirinin göstərişi ilə Ç.Vəlixanov 1860-cı ilin əvvəllərində Sankt-Peterburqa dəvət edilir, yüksək səviyyədə qarşılanır. Çar II Aleksandr onu “Müqəddəs Vladimir” ordeni ilə təltif edir, hərbi rütbəsini yüksəldir. Baş qərargahda Orta Asiya və Şərqi Türküstanın xəritəsini hazırlayan qrupda işləməyi tapşırır... Sankt-Peterburqda yaşadığı iki il müddətində o, soydaşımız professor Mirzə Kazım bəylə və digər alimlərlə görüşür, onlarla məsləhətləşmələr aparır.
Professor Nizami Tağısoy araşdırmasında göstərir ki, Ç.Vəlixanov həm də qırğız qəhrəmanlıq eposu “Manas”ın ilk tədqiqatçısı kimi tanınıb. “Manas”ı “İliada” ilə eyni sırada görməklə bərabər, bu abidənin bəşəriliyini də əsaslandırıb. Göstərib ki, “Manas” bütün qırğız mifləri, nağılları və rəvayətlərinin ensiklopedik məcmusu olmaqla bir şəxsin simasında - batır Manasda özünü əks etdirib. Həm də qırğızların həyat tərzi, adət-ənənələri, əxlaqı, coğrafiyası, dini və təbabət təfəkkürü və beynəlxalq münasibətləri məhz bu nəhəng epopeyada öz əksini tapıb.
1861-ci ilin mayında Ç.Vəlixanov vətənə dönüb. Rus ordusu 1864-cü ilin mart-iyun aylarında Kokand xanlığı üzərinə hücum edir. Ç.Vəlixanov da onların arasında olur. Hərbçilərin dinc əhaliyə tutduqları divanı görüncə geri qayıdır. Rusiya hökumətinə xidmətdə yanıldığını başa düşərək hərbidən istefa verir. Məkkə ziyarətinə getmək istəsə də, bu gənc alimə qismət olmur. 10 aprel 1865-ci ildə, 30 yaşında Taldı Kurqan vilayətinin Altın-Emel aşırımında dünyasını dəyişir və dağın ətəyində dəfn olunur.
Çokan Vəlixanovun bu qısa ömründə yazdığı “Cunqirya oçerkləri”, “Qırğızlar”, “Çin imperiyasının batısı və Qulca şəhəri” və s. əsərləri türkologiya elminə və folklorşünaslığa dəyərli töhfə kimi qiymətləndirilir.
Aytac Süleymanova
Twitter: a_alieva_