Bakı. TurkicWorld:
Dünyanın ilk universitetini müsəlman qadının qurduğunu bilirdinizmi? Böyük ehtimalla, yox.
Əslində, müsəlman qadınlar erkən İslamın sxolastik tədqiqatlarında çox fəal olub. Məhəmməd peyğəmbərin xanımlarından olan Aişə zamanının görkəmli İslam hüquqşünaslarından idi. O, üçüncü xəlifə Osman ibn Affanın ölümündən sonra bir sıra siyasi hadisələrdə də iştirak etmişdi.
Quranı əzbər bilən və peyğəmbərin özü tərəfindən təriflənən Ümmü Varaqə və ya xalq təbabəti mütəxəssisi olan Əş-Şifa bint Abdullah kimi başqa qadınları da nümunə göstərə bilərik.
Fatimə əl-Fihri indiki Tunisdə Kairouan kimi tanınan Qayravanlı Məhəmməd əl-Fihri adlı varlı tacirin qızı idi. O, 800-cü ildə anadan olub. Qayravan hazırda VII əsrin sonlarına aid tarixi memarlığı sayəsində YUNESKO-nun Ümumdünya İrs nümunələri siyahısına daxil edilib.
Bu günə qədər Fatimənin həyatı hətta tarixçilər üçün də sirlidir.
670-ci ildə Əməvilər sülaləsi tərəfindən qurulan Qayravan İslam elmi, mədəniyyəti və sivilizasiyası şəhəri idi. Şəhər həm də Afrikanın şimal-qərbindəki əl-Qarbın fəthi üçün hərbi post kimi xidmət edirdi.
Ağlabilər sülaləsi VIII-IX əsrlərdə Abbasilər xilafətinin idarəsi altında olan Qayravanı idarə edirdi. Bir sözlə, Fatimə əl-Fihri atası ilə Qayravandan ayrılaraq qərbdə Fes şəhərinə getməli olur.
Fatimə əl-Fihrinin ailəsi başqa bir müsəlman sülalə İdrisilərin paytaxtı olan Fes şəhərinin əsl vətəndaşları vasitəsilə "Qəraviyyin" (Qaravanlılar) adlı icmanın bir hissəsi olub.
O zaman Fes əl-Məğribdə diqqət mərkəzində idi. Dünyanın ən güclü müsəlman şəhərlərindən birinə çevrildikdən sonra Fesdə həm ənənəvi, həm də kosmopolit din və mədəniyyət birləşirdi.
Qəraviyyin adı dünyada ilk universitet, eləcə də ona qonşu olan məscidlə anılır. Hər ikisinin qurucusu Fatimə əl-Fihri idi.
Fatimənin əri, atası və qardaşının vəfatından sonra ona və bacısına böyük bir miras qaldı.
Yaxşı təhsil alan bacılar öz növbəsində bütün var-dövlətlərini cəmiyyətlərinə həsr etməyə başladılar. Fesdəki yerli məscidlərin bir çoxu İslam İspaniyasından qaçqın olan müsəlmanların artan əhalisini qəbul edə bilmədiyini görən Məryəm 859-cu ildə möhtəşəm Əndəlus Məscidini tikdirdi.
Fatimə, isə bir çox tarixçilər tərəfindən dünyanın ən qədim, davamlı olaraq fəaliyyət göstərən universiteti hesab edilən Əl-Qəraviyyin Məscidi və Universitetini qurdu. Tarixi araşdırmalar göstərir ki, o, tikinti prosesinə birbaşa nəzarət edib və rəhbərlik edib.
Fatimənin tikintinin ilk günündən başlayaraq məscid və universitet bitənə qədər hər gün oruc tutduğu və namaz qıldığı deyilir. O, belə bir yeri uğurla tapmaq öhdəliyi ilə yanaşı, qətiyyətli səbr nümayiş etdirdi.
Şimali Afrikanın ən böyük məscidlərindən biri olan Əl-Qaraviyyin məscidi İslam dünyasında qabaqcıl təhsilin zirvəsinə çevriləcək universitetə sahib idi. Əl-Qəraviyyin Universiteti həm də dövrünün görkəmli müsəlman mütəfəkkirləri olan Əbül-Abbas və fəqih Məhəmməd əl-Fasi də daxil olmaqla, məşhur məzunları ilə tanınır. Bundan əlavə, böyük sufi və İslam hüquqşünası İbn əl-Ərəbi, tarixçi və sosiologiyanın banisi İbn Xəldun, məşhur coğrafiyaşünas Məhəmməd əl-İdrisi və astronom Nur əd-Din əl-Bitruci (Alpetragius) də həmin universitetdə təhsil alıb.
Universitetdə əvvəlcə yalnız Quran və fiqh dərsləri verilirdi. Sonralar onun tədris planı genişlənərək riyaziyyat, ərəb dilçiliyi, tibb, astronomiya, kimya, tarix və coğrafiyanı əhatə etdi. Bu kurslar təkcə müsəlman gənclər üçün deyildi. Xristian və yəhudi tələbələri də buraya qəbul edilirdi. Bundan əlavə, Fatimə bütün xərcləri özü qarşıladığı üçün təhsil pulsuz idi.
Əl-Qəraviyyin Universiteti hələ də fəaliyyət göstərir və Fatimə əl-Fihrinin adını günümüzə qədər daşıyıb.
Ləman Əsədli
Twitter: lamanasadli01