Trend BİA-nın Şuşada təqdim etdiyi beynəlxalq layihələr böyük marağa səbəb oldu - Sahil Kərimli

Trend BİA-nın Şuşada təqdim etdiyi beynəlxalq layihələr böyük marağa səbəb oldu - Sahil Kərimli

Bakı. TurkicWorld:

Şuşada keçirilən Qlobal Media Forum olduqca ciddi əhəmiyyətə malik idi. Azərbaycan belə bir beynəlxalq səviyyəli tədbir keçirməklə dünyaya növbəti dəfə mühim mesajlar verdi. Forumun açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirak etməsi, dövlət başçımızın xarici və yerli jurnalistlərin suallarını ətraflı cavablandırması dünyanın diqqət mərkəzində oldu.

TurkicWorld xəbər verir ki, bu fikirləri CBC telekanalının "Gündəm Qarabağ" proqramında qonaq olan Trend BİA-nın direktor müavini, əməkdar jurnalist Sahil Kərimli bildirib.

O, əlavə edib ki, Prezident İlham Əliyevin Forumdakı çıxışı, jurnalistlərin suallarına verdiyi ətraflı cavablar dünyanın nüfuzlu media platformalarının böyük marağına səbəb olub: Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, verdiyi mesajlar xarici xəbər agentliklərinin, onlayn və çap mediasının manşetlərində yer alıb. Xeyli sayda media qurumu dövlət başçımızın çıxışını tirajlayıb.

S.Kərimli qeyd edib ki, Şuşa Qlobal Media Forumu eyni zamanda dünyanın 50 ölkəsindən gələn onlarla jurnalistin Azərbaycan həqiqətlərini, ölkəmizin müasir reallıqlarını öz gözləri ilə görməyə şərait yaratdı.

"Xarici media nümayəndələri azad olunmuş ərazilərdə hər addım başı rast gəlinən erməni vandalizmi, işğal dövründə viran qoyulan yaşayış məntəqələrimizi gördülər. Onlar eyni zamanda Qarabağda aparılan sürətli bərpa-quruculuq işlərini, sıfırdan yaradılan infrastrukturu müşahidə etdilər. Zəfər yolu ilə Şuşaya getdilər və Azərbaycan mədəniyyəti, qədim tarixi, mətbəxi ilə tanış oldular. Bütün bunlar əhəmiyyətli məqamlardır", -deyə o, əlavə edib.

S.Kərimli Şuşa Qlobal Medai Forumu çərçivəsində geniş ictimaiyyətə təqdim edilən beynəlxalq layihələrdən də danışıb:

"Forumun gedişi zamanı Trend Beynəlxalq İnformasiya Agentliyi də bir sıra layihələrinin təqdimatını keçirdi. Trend BİA daim beynəlxalq əməkdaşlığa ciddi önəm verib. Xüsusilə də qardaş Türkiyənin media qurumları ilə işbirliyini vurğulamaq istərdim. Trend BİA və Türkiyənin nüfuzlu DHA Xəbər Agentliyinin ortaq layihəsi olan dhapress.com layihəsinin Şuşada təqdim edilməsi xarici və yerli qonaqların böyük marağına səbəb oldu. Dhapress.com Türkiyə ilə Azərbaycan arasında yaradılan ilk layihədir. Burada ayrıca Azərbaycan xəbər lentinin olması böyük üstünlüklər gətirir. Sayt Türk, Azərbaycan və İngilis dillərində xəbərlər təqdim edir və tezliklə digər dillər də əlavə olunacaq.

S.Kərimli Avropanın informasiya agentliklərini özündə birləşdirən CEReport.eu sayihəsinin Forum çərçivəsində təqdimatından da danışıb:

"CE Report portalını Avstriyanın "Festung News & Media şirkəti təsis edib. Saytda Avropa Birliyinə daxil olan ölkələrin siyasi, iqtisadi, mədəni və digər sahələrini əhatə edən xəbərlər yayımlanır. İki aya yaxın bir vaxtda fəaliyyətə başlamasına baxmayaraq artıq CEReport.eu layhəsinə Avropanın 9 media qurumu qoşulub. Layihənin məqsədi Avropanın aparıcı xəbər platformalarını bir araya gətirmək, onlara etibarlı xəbər hazırlamaqda dəstək olmaqdır. Avropa miqyaslı belə bir layihənin Şuşa Qlobal Media Forumunda təqdim edilməsinin əlbəttə ki, böyük rəmzi mənası var".