Bakı,TurkicWorld
Özbəkistan genişmiqyaslı dövlət-özəl tərəfdaşlıq proqramını həyata keçirir.
TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Səmərqənd şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) İdarə Heyətinin illik toplantısında deyib.
"2030-cu ilədək 30 milyard dollar dəyərində dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsinə yönəlmiş genişmiqyaslı proqram qəbul edilib. Xüsusilə Daşkənd - Səmərqənd və Daşkənd - Əndican istiqamətləri üzrə ödənişli avtomobil yollarının inşası, eləcə də, Daşkənd - Səmərqənd və Səmərqənd - Nəvai - Buxara marşrutları üzrə sürət qatarları üçün yeni dəmir yolu xətləri layihələri həyata keçiriləcək", - o bildirib.
Onun sözlərinə görə, respublikanın 6 beynəlxalq hava limanının modernləşdirilməsi də dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçiriləcək.
Prezident vurğulayıb ki, Özbəkistanın enerji, su, nəqliyyat, İT və digər infrastruktur sahələrinin yaxşılaşdırılması üçün illik ehtiyac ÜDM-nin 10%-ni təşkil edir.
"Bu istiqamətdə Özbəkistan beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıqda əhəmiyyətli təcrübə qazanıb, bu da özəl sektorun bu sahələrə aktiv şəkildə cəlb olunmasına imkan yaradır", - o əlavə edib.