Bakı, TurkicWorld
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
TurkicWorld-in Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı vacib məsələlər müzakirə edilib.
Dövlət başçıları 2024-cü ilin may ayında Rusiya Prezidentinin Özbəkistana dövlət səfəri zamanı əldə olunan razılaşmaların təsdiqlənmiş "yol xəritəsi" əsasında həyata keçirilməsi ilə bağlı atılacaq addımları nəzərdən keçiriblər.
Xüsusi diqqət hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasının uğurlu nəticələrinə və yaxınlarda Moskvada keçirilmiş ikitərəfli danışıqlara yönəldilib. Sənaye, enerji, nəqliyyat və kənd təsərrüfatı sahələrində birgə layihələrin sürətləndirilməsi, qarşılıqlı ticarət dövriyyəsinin artımını stimullaşdırmağa yönəlmiş tədbirlər, eləcə də, hər iki ölkənin regionları və biznes dairələri arasında əməkdaşlığın inkişafı qiymətləndirilib.
İnnovativ texnologiyalar, süni intellekt, təhsil və tibb sahələrində əməkdaşlığın genişlənməsi müsbət qeyd edilib. Həmçinin, noyabr ayında Rusiyada keçirilmiş Özbəkistan Mədəniyyət Günlərinin uğuru məmnuniyyətlə vurğulanıb.
Liderlər, həmçinin, beynəlxalq siyasətin aktual məsələləri və regional təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar. Xüsusi vurğu 2024-cü ilin dekabr ayının sonunda keçiriləcək yüksək səviyyəli görüşlərə yönəldilib.