Bakı. TurkicWorld:
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Surxandərya vilayətində “Müstəqilliyin 25 illiyi” qaz-kimya kompleksinin tikintisinin gedişatı ilə tanış olub.
TurkicWorld xəbər verir ki, Surhan Qaz Kimya Şirkəti xarici müəssisəsi tərəfindən həyata keçirilən bu layihənin dəyəri 2,9 milyard dollardır. Kompleks ildə 5 milyard kubmetr qaz hasil etmək və emal etmək gücündə olacaq.
Məlumata əsasən, hazırda yatağın istismarına 1 milyard 450 milyon dollar sərmayə qoyulub, 20 quyuda qazma işləri başa çatdırılıb. 11 qaz quyusu uğurla sınaqdan keçirilib. Təməl işləri və metal konstruksiyaların tikintisi demək olar ki, başa çatıb.
Bundan əlavə, zavodun layihələri və tikintisi Shell şirkətinin lisenziyalı texnologiyaları əsasında həyata keçirilir. Ən son ekoloji tələblərə cavab verir və zərərli istehsal tullantılarının 99 faizini zərərsizləşdirə bilir. MDB ölkələrində ilk dəfədir ki, bu zavodda bu cür avadanlıq quraşdırılır.
“Əsas məqsəd qazın xammal şəklində satılması deyil, onun emalı və əlavə dəyərli məhsulların istehsalıdır. İnvestisiyaların özünü doğrultması və zavodun rəqabətədavamlı olması üçün son məhsulun yüksək keyfiyyətli və gəlirli olmasını təmin etmək lazımdır”, - deyə Şavkat Mirziyoyev bildirib.