Son dəqiqə

Özbəkistan Qətər Şavkat Mirziyoyev

Özbəkistan Qətərdə səfirlik açıb

Bakı. TurkicWorld:

Oktyabrın 2-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Soni arasında iki ölkənin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib.

TurkicWorld-un məlumatına görə, keçirilən görüşdə siyasi dialoqun daha da gücləndirilməsi, ticarət-iqtisadi, investisiya əməkdaşlığının genişləndirilməsi və mədəni-humanitar mübadilənin aktivləşdirilməsi məsələləri müzakirə edilib.

Qeyd olunub ki, Qətər Əmirinin bu ilin iyununda Səmərqəndə tarixi səfəri ölkələrimiz arasında münasibətlərdə yeni mərhələyə start verib. Özbəkistan və Qətər arasında əməkdaşlığın daha yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün güclü arzu ifadə olunub. Müxtəlif səviyyələrdə dialoqların fəallaşdığı məmnunluqla qeyd olunub.

Görüşün nəticəsi olaraq, qarşılıqlı ticarətin həcminin artırılması haqqında razılığa gəlinib və iki ölkənin paytaxtları arasında hava əlaqəsi açılıb. Özbəkistan Qətər şirkətləri ilə birgə layihələrə start verib.

Səfər çərçivəsində, Dohada Özbəkistan səfirliyi açılıb və onun fəaliyyəti səmərəli tərəfdaşlığın fəal inkişafına güclü təkan verəcək.

Tərəflər ticarət göstəricilərini ikiqat artırmağa, ənənəvi və “yaşıl” enerji, neft-kimya, metal emalı, tikinti, turizm, maliyyə və digər sahələrdə birgə investisiya layihələrinin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.

Bundan əlavə, 2024-cü ilin yanvarında işgüzar əlaqələrin aktivləşdirilməsi məqsədilə birgə Hökumətlərarası Komissiyanın, İşgüzar Şuranın ilk iclaslarının və biznes forumun və Özbəkistanın mədəniyyət və turizm həftəsinin Dohada keçirilməsi təklif olunub.

Həmçinin iki ölkə liderlərinin görüşü zamanı qlobal və regional əhəmiyyətli aktual problemlər müzakirə olunub.

Görüşün sonunda dövlət başçıları bir sıra birgə “yol xəritələri”nin hazırlanması və əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsi üçün mexanizmlərin yaradılması barədə tapşırıqlar veriblər. Danışıqlardan sonra ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsinə yönəlmiş mühüm sənədlər toplusu imzalanıb.

Mövzuya görə xəbərlər