Bakı, TurkicWorld
Əfqanıstan İslam Əmirliyinin administrasiyası rəsmi olaraq Türkmənistana səfir təyin edib.
TurkicWorld xəbər verir ki, səfir Fəzl Məhəmməd Sabir etimadnaməsini Türkmənistanın xarici işlər naziri Rəşid Meredova təqdim edib.
Türkmənistan xarici işlər nazirinin müavini bir gün əvvəl Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada "Əfqanıstan və Türkmənistanın böyük layihələr həyata keçirmək planları var və bu səbəbdən diplomatik əlaqələrin genişləndirilməsi vacibdir" deyib.
Meredov öz bəyanatında, ikitərəfli diplomatik səylər sayəsində böyük layihələrin praktiki icrasına başlana biləcəyinə ümid etdiyini bildirib. Meredov TAPİ qaz kəməri və elektrik enerjisi xətti ilə yanaşı Herat-Turğundi dəmir yolu xətti kimi layihələrin başlanmasından da danışıb.
Qeyd edək ki, bu yaxınlardan yayılan məlumata görə, Əfqanıstan İslam Əmirliyinin administrasiyası TAPI layihəsini işə salmağa hazırlaşır.
Əfqanıstan İslam Əmirliyinin mətbuat katibinin müavini Həmdullah Fıtrat açıqlamasında, "Türkmənistan Nazirlər Şurasının sədr müavini və xarici işlər naziri Rəşid Meredov Fəzl Məhəmməd Sabiri İslam Əmirliyinin səfiri kimi qəbul edib. Meredov mərasimdə Əfqanıstan və Türkmənistanın mühüm layihələrin həyata keçirilməsi ərəfəsində olduğunu bildirib", - deyə qeyd edib.
Əfqanıstan İslam Əmirliyinin administrasiyası bundan əvvəl Fəzl Məhəmməd Sabiri Türkmənistana müvəqqəti işlər vəkili təyin etmişdi.
Qeyd edək ki, Türkmənistan Özbəkistanla yanaşı Əfqanıstanın ən yaxşı münasibətlərə malik olduğu qonşu kimi seçilir.