Bakı. TurkicWorld:
Türkmənistan və Cənubi Koreya birgə iki yük gəmisi inşa edəcək.
TurkicWorld-un məlumatına görə, Türkmənistanın “Balkan” gəmiqayırma və gəmi təmiri müəssisəsi ilə Cənubi Koreya şirkəti 6 min 100 ton yükgötürmə qabiliyyətinə malik iki yük gəmisinin birgə tikintisinə dair müqavilə imzalayıb.
İmzalanan müqavilə çərçivəsində koreyalı mühəndislər Balkan zavodunda Koreya gəmiqayırma texnologiyaları üzrə mütəxəssislərə təlim keçəcəklər.
Fabrikdə keyfiyyət idarəetmə sistemi də tətbiq olunacaq. Görülən işlər gəmiqayırma və ətraf-mühitin mühafizəsi sahələrində yüksək təhlükəsizlik standartlarına cavab verəcək.
Qeyd edək ki, Balkan gəmiqayırma zavodu 2018-ci ildə yenidən qurulub. Hazırda zavodun istehsal gücü ildə 10 min ton polad emal etmək və dörd-altı gəmi tikmək üçün nəzərdə tutulub.
Gəmiqayırma zavodlarının əsas məqsədi gəmilərin tikintisi və təmiridir. Eyni zamanda gəmi tikintisi və təmir işlərini ayrıca həyata keçirə bilər. Gəmiqayırma prosesləri materialların qəbulundan tutmuş hazırlıq, quraşdırma və suya buraxılmaya qədər gəmiqayırmanın bütün aspektlərini əhatə edir.
Hazırda zavodda milli ticarət donanmasının “Xəzər” və “Phoenix I” gəmilərinin təmiri aparılır.
Balkan gəmiqayırma zavodunda “Atamyrat Niyazov” tankerinin də təmiri başa çatdırılıb. Bu gəminin ümumi tutumu 4260 tondur (GT) və neftin daşınması üçün nəzərdə tutulub.
Aytac Süleymanova
Twitter: a_alieva_