Son dəqiqə

Azərbaycan Türkiyə Milli Məclis Musa Quliyev Türkiyə Prezident seçkiləri

Türkiyədə keçiriləcək seçkilər bütün dünyanın siyasi dairələrinin diqqət mərkəzindədir – Musa Quliyev (ÖZƏL)

Bakı, TurkicWorld:

Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri bütün dünyanın siyasi dairələrinin diqqət mərkəzindədir, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Onun sözlərinə görə, təkcə Türkiyə və ona dost-qardaş olan Azərbaycan deyil, dünyanın bir çox aparıcı dövlətlərinin bu seçkilərdən ciddi gözləntiləri var.

“Türkiyənin son 20 ildə sürətli inkişafı şübhəsiz ki, prezident Rəcəb Tayyib Ərdoğanın siyasi kursu, siyasi fəaliyyəti, şəxsi xarizması və Ədalət və İnkişaf Partiyasının (AK Parti) fəaliyyətinin nəticəsidir. Bu il Türkiyə Respublikası həm də yaranmasının yüzüncü ildönümünü qeyd edir və bu 100 ilin 80 ilində keçmədiyi inkişaf yolunu 20 ildə məhz cənab Ərdoğanın rəhbərliyi altında keçib. Qardaş Türkiyə 20 il ərzində çox güclü sənayesi, iqtisadiyyatı, qüdrətli ordusu olan, liberal və mənəvi dəyərləri inkişaf etdirən, həmçinin, qoruyan dövlətə çevrilib. Bu illər ərzində Türkiyənin turizm iqtisadiyyatının genişlənməsi və dünyada ilk yerlərdə olması cənab Ərdoğanın bu sahəyə ayırdığı diqqətin nəticəsidir. Türkiyənin xüsusilə hərbi sənaye kompleksinin yenidən qurulması, inkişafı və güclənməsi bu ölkəyə bütün dünyada olduqca böyük nüfuz qazandırıb.”, - deyə M.Quliyev əlavə edib.

O, həmçinin qeyd edib ki, Türkiyənin beynəlxalq siyasətində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın rolu əvəzedilməzdir.

“Türkiyə ordusu bu gün dünyanın ən böyük ordularından biridir, belə ki, NATO-nun ikinci ən böyük və ən güclü ordusudur. Türkiyənin təkcə öz milli maraqlarından deyil, beynəlxalq insan hüquqlarının qorunması və humanizm maraqlarından çıxış etməsi Türkiyə siyasətində bir yenilikdir. Cənab Ərdoğanın məşhur bir kəlamı var: “Dünya beşdən böyükdür”. Bu, əslində BMT-nin təhlükəsizlik şurasının daimi üzvü olan beş dövlətə çağırış idi. Bu, həm də onlara bir mesaj idi ki, siz digər dövlətlərlə də hesablaşmalısınız və bu dövlətlər arasında təbii ki, Türkiyə də var”, - deyə o əlavə edib.

M. Quliyevin sözlərinə görə, müstəqil siyasət aparan dövlətləri dünya imperializmi qəbul edə bilmir.

“Türkiyənin güclənməsini, dünyada söz sahibinə çevrilməsini istəməyən böyük dövlətlər var. Bu baxımdan, qərbin körüklədiyi Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun yaratdığı Millət İttifaqı əslində millətin əleyhinə platformadır, onların bütün siyasəti Türkiyənin inkişafına mane olmaqdan ibarətdir. Kılıçdaroğlunun son günlərdə qədim İpək yolunun xəritəsini cızması və İran üzərindən keçərək Azərbaycan və Zəngəzuru gözardı etməsi onun və havadarlarnın Türk Birliyini dağıtmaq istəyinin göstəricisidir. Bu, Cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın səyləri nəticəsində yaranan, böyük gücə çevrilən, böyük gələcəyi olan birlikdir”, - deyə millət vəkili vurğulayıb.

O hesab edir ki, Rəcəb Tayyib Ərdoğanla Cənab İlham Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyəyə çatdırılmasında böyük xidmətləri, rolu var.

“Xüsusilə 44 günlük vətən müharibəsinin hər günündə Türkiyə prezidenti hər zaman Azərbaycan xalqının yanında olub. Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq sözünü beynəlxalq səviyyədə deyən və Azərbaycana qarşı beynəlxalq təzyiqlərin qarşısında duran lider kimi hər birimizin sevgisini qazanıb. Rəcəb Tayyib Ərdoğanın Azərbayacana, İlham Əliyevin Türkiyəyə münasibəti artıq iki dövlətin, bir millətin Cənab Prezidentin dediyi kimi tək yumruq şəklində birləşməsi Ermənistana dəstək verən ermənipərsət qüvvələri, xüsusilə İran və Fransanı narahat etməkdədir”, - deyə millət vəkili qeyd edib.

O, Türkiyə səfərindən bəhs edərək bildirib ki, Türkiyə ictimaiyyəti ilə müxtəlif siyasi dairlərədə görüşlər keçirib.

"Keçən həftə Ankarada keçirilən görüşlərdə bir daha müşahidə etdik ki, seçicilərin böyük əksəriyyəti bir mənalı olaraq cənab Ərdoğanın və AK Partinin yanındadır”, - deyə M.Quliyev bildirib.

Millət vəkili onu da qeyd edib ki, cənab Ərdoğan mayın 14-də seçkilərin birinci mərhələsində qalib gələcək və Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətləri daha da inkişaf edəcək.

Ləman Əsədli

Twitter: lamanasadli01

Mövzuya görə xəbərlər