Türkiyədə keçiriləcək seçkilər ölkənin gələcəyi üçün kifayət qədər həlledici təsirə malik olacaq -Vüqar Bayramov (ÖZƏL)

Türkiyədə keçiriləcək seçkilər ölkənin gələcəyi üçün kifayət qədər həlledici təsirə malik olacaq -Vüqar Bayramov (ÖZƏL)

Bakı, TurkicWorld:

İnanırıq ki, mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinin ölkə iqtisadiyyatı və Türkiyənin bütövlükdə regional mövqeyi baxımından müsbət həlledici təsirləri olacaq, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov TurkicWorld-a özəl açıqlamasında deyib.

“Mayın 14-də Türkiyədə keçiriləcək prezident və parlament seçkiləri yalnız Türkiyə üçün deyil, bütövlükdə region üçün kifayət qədər vacib hadisədir. Sözsüz ki, seçkilərin nəticəsi Türkiyə vətəndaşlarının seçimi əsasında bəlli olacaq. Bu seçkilər Türkiyənin gələcəyi baxımından kifayət qədər həlledici seçkidir”, - deyə o qeyd edib.
Millət vəkilinin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdə olduğu illərdə ölkə iqtisadiyyatının inkişafı və ölkənin regional və qlobal məsələlərdə mövqeyinin daha da güclənməsi müşahidə edilib.
“Son 20 il ərzində Türkiyə iqtisadiyyatında ciddi irəliləyişlər əldə olunub, xüsusilə də Türkiyə Ümumi Daxili Məhsulunun həcminin 3 dəfə artması və 900 milyard dollardan çox olması qeydə alınıb. Türkiyə 2023-cü ildə ÜDM-i 1 trilyon dollardan çox olan ölkələr sırasına daxil olacaq. Bu da ondan xəbər verir ki, Tükiyə böyük 20-likdəki yerini 2023-cü ildə də möhkəmləndirmiş olacaq”, -deyə V. Bayramov vurğulayıb.

Millət vəkili onu da qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri artan dinamika üzrə inkişaf edir.
“Növbəti dövrdə də əməkdaşlığın güclənəcəyi gözləniləndir. Belə ki, artıq iki ölkə arasında ticarət dövriyyəsi 6 milyard dollardan çoxdur. Hədəf yaxın illər üçün bu dövriyyənin 10 milyard dollara qədər artırılmasıdır. Azərbaycan və Türkiyə işğaldan azad edilmiş ərazilərimizdə əməkdaşlıq edir. Bütün bunlar ondan xəbər verir ki, iki ölkə arasındakı münasibətlər 14 may seçkilərindən sonra da artan dinamika ilə inkişaf etməyə davam edəcək və hər iki ölkə həm yaxşı, həm çətin günlərdə bir-birin yanındadır”, - deyə o bildirib.

Qeyd edək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və CHP sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Ləman Əsədli

Twitter: lamanasadli01