Son dəqiqə

Türkiyə İsmayıl Dəmir Müdafiə Sənayesi Nazirliyi TUSAŞ

KAAN Türkiyəni asılılıqdan qurtaracaq - İsmail Demir

Bakı. TurkicWorld:

KAAN Türkiyəni xarici asılılıqdan qurtaracaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin sədri İsmail Demir jurnalistlərə açıqlaması zamanı deyib.

"KAAN radara görünməz, tam rəqəmsal, müxtəlif sistemlərlə elektron əlaqə qurmaq kimi bir sıra xüsusiyyətlərə malikdir. Məqsədimiz beçinci nəsil döyüş təyyarəsi hazırlamaqdır. Bu baxımdan KAAN vurucu qüvvə kimi mühüm funksiyaya malik olacaq. Bunu etməyə çalışan cəmi beş ölkə var, biz onlardan biriyik. KAAN-ın bütün sistemləri o qədər müasir olacaq ki, kənardan almaq istəsək belə, ala bilməyəcəyimiz sistemlər var. KAAN bizi xarici asılılıqdan xilas edəcək", - deyə sədr bildirib.

Xatırladaq ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən yaradılan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “İstikbalin Yüzyılı” proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib. KAAN 2028-ci ildə Türkiyə hərbi hava qüvvələrinin inventarına daxil ediləcək.

Qeyd edək ki, 2023-cü ilin yanvar-mart aylarında Türkiyənin müdafiə sanayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 15,1 faiz artaraq 1,1 milyard dollara bərabər olub.

Bu ilin mart ayında Türkiyə 506,3 milyon dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 54,9 faiz çoxdur. Son 12 ay ərzində (mart 2022-mart 2023) Türkiyə 4,5 milyard dollar məbləğində müdafiə sanayesi məhsulları ixrac edib.

Məlumat üçün bildirək ki, Türkiyə hal-hazırdakı müdafiə sənayesinin 80 faizini yerli imkanlarla təmin edir.

Mövzuya görə xəbərlər