ALTAY tankı ilk dəfə TEKNOFEST-də vətəndaşlara nümayiş etdirilib

ALTAY tankı ilk dəfə TEKNOFEST-də vətəndaşlara nümayiş etdirilib

Bakı. TurkicWorld:

Türkiyənin milli ana döyüş tankı ALTAY, TEKNOFEST2023 kosmos, aviasiya və texnologiya festivalında ilk dəfə vətəndaşlara nümayiş etdirilib.

TurkicWorld-un məlumatına görə, bu yaxınlarda sınaq üçün Türkiyə Silahlı Qüvvələrinə təhvil verilən Yeni ALTAY tankı vətəndaşlarda ciddi maraq doğurub.

Türkiyədə milli texnologiyanın inkişafında kritik rol oynayan bir çox təşkilat, Türkiyə Texnologiya Komandası Vəqfi və Sənaye və Texnologiya Nazirliyinin ortaqlığı ilə təşkil edilən TEKNOFEST İstanbul Atatürk Hava Limanında üçüncü günündə davam edir.

Tankı görən vətəndaşlar qeyd ediblər ki, yerli imkanlarla ALTAY tankına nail olmaq qürurverici bir hissdir.

Məlumat üçün bildirək ki, türk mühəndisləri tərəfindən hazırlanan Yeni ALTAY-ın digər mühüm xüsusiyyəti, inkişaf edən texnologiyaya uyğunlaşa bilən çevik bir arxitekturaya sahib olmasıdır.

Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki "TEKNOFEST" festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən "TEKNOFEST"də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq.