Bakı. TurkicWorld:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, bir il ərzində zəlzələ bölgəsində 319 min ev tikiləcək. Ümumilikdə tikilən evlərin sayı 650 minə çatacaq.
TurkicWorld-un məlumatına görə, Prezident Ərdoğan bu sözləri xalqa Ramazan bayramı ilə bağlı müraciətində deyib. O, çıxış nitqində zəlzələ bölgəsinə geniş yer ayırıb.
"Əziz millətim, əziz qardaşlarım, sizi ən səmimi hisslərim və məhəbbətimlə salamlayıram. Sizi mübarək Ramazan bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Biz əvvəli rəhmət, ortası bağışlanma, sonu isə əbədi əzabdan qurtuluş olan daha bir Ramazanı geridə qoyduq. Rəbbimə şükür edirəm ki, bizləri daha bir bayrama sağlamlıqla, firavanlıqla, sevdiklərimizlə çatdırdı", - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti onu da qeyd edib ki, bu il ramazan ayını 6 fevral zəlzələlərində itirdiyimiz canların acısı ilə qarşıladıq.
"Bir daha zəlzələ və daşqınlarda həlak olan 50 mindən çox insanımızın hər birinə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm. Bu mübarək günlərdə zəlzələ qurbanlarımızı tək qoymadıq. Yenidən zəlzələdən zərər çəkmiş şəhərlərimizi ziyarət etməklə, fəlakət qurbanlarımızın dərdini bir daha paylaşdıq, yerində həyata keçirilən tədbirlər gördük, zəlzələ evlərimizin təməlqoyma mərasimlərini keçirdik. Dövlətimiz bütün aidiyyatı qurumları ilə, bələdiyyələrimiz, qeyri-hökumət təşkilatlarımız bütün imkanları və könüllüləri ilə meydandadır",- deyə Prezident vurğulayıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələdə ölənlərin sayı 50 min 500-ə çatıb.