''AnadoluJet'' Özbəkistana ilk uçuşunu həyata keçirib

''AnadoluJet'' Özbəkistana ilk uçuşunu həyata keçirib

Bakı. TurkicWorld:

''AnadoluJet''in Ankara-Daşkənd reysini həyata keçirən ilk təyyarəsi Özbəkistanın paytaxtı Daşkənddə xüsusi mərasimlə qarşılanıb.

TurkicWorld-un məlumatına görə, "AnadoluJet''in Ankaradan Özbəkistana ilk planlı reysi yerli vaxtla saat 04:10-da həyata keçirilib. Təyyarə Daşkənd hava limanına eniş edib.

Özbəkistan Mülki Aviasiya İdarəsinin Baş direktoru Tahir Nazarov, Türkiyənin Özbəkistandakı səfiri Olqan Bekar və Türk Hava Yolları (THY) Daşkənddəki ofisinin müdiri Səlim Kahrıman ilk sərnişinləri qarşılayıblar.

Jurnalistlərə açıqlama verən səfir Olqan Bekar, Ankara ilə Daşkənd arasında uçuşların ilk dəfə həyata keçirildiyini və uçuşların həftədə bir dəfə təşkil ediləcəyini qeyd edib. O, Özbəkistan aviasiya şirkətinin gələcəkdə bu marşrut üzrə uçuşlara başlamasını gözlədiklərini bildirib.

Olqan Bekar hazırda İstanbul ilə Özbəkistanın Daşkənd, Fərqanə, Ürgənc, Səmərqənd və Buxara şəhərləri arasında müntəzəm uçuşların iki ölkənin hava yolu şirkətləri tərəfindən həyata keçirildiyini, həyata keçirilən son uçuşla iki ölkə arasında həftəlik uçuş sayının 61-ə çatdığını bildirib.

Qeyd edək ki, uçuşlar Ankara Esenboğa Hava Limanı ilə İslam Kərimov Daşkənd Beynəlxalq Hava Limanı arasında həyata keçiriləcək.