Türkiyədən Azərbaycana karqo daşımalarında gecikmə halları aradan qalxıb

Türkiyədən Azərbaycana karqo daşımalarında gecikmə halları aradan qalxıb

Bakı. TurkicWorld:

Türkiyədə baş verən dəhşətli zəlzələ və mövcud hava şəraiti ilə əlaqədar Azərbaycana uçuşların təxirə salınması səbəbindən ölkəmizə gələn karqo daşımalarında gecikmə halları yaşanırdı.

Bəs, hazırda vəziyyət necədir?

Məsələ ilə bağlı TurkicWorld bir neçə karqo şirkəti ilə əlaqə saxlayıb.

Karqo şirkətlərindən bildirilib ki, Türkiyədə zəlzələnin baş verdiyi günlərdə karqo daşınmalarda problem yaransa da, hazırda vəziyyət düzəlib. Karqo vasitəsilə sifariş verilən mallar vaxtında müştərilərə çatır.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.