Azərbaycandan göndərilən 25 konteynerdən ibarət humanitar yük Qarsa çatıb

Azərbaycandan göndərilən 25 konteynerdən ibarət humanitar yük Qarsa çatıb

Bakı. TurkicWorld:

Türk iş adamlarının Azərbaycanda yaratdığı "Türkiyə Əsri Birlik və Həmrəylik Platforması" kampaniyasında toplanan paltar, adyal, quru qida və gigiyena məhsulları ilə dolu 25 konteynerdən ibarət qatar Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, ‘’Azərbaycan Dəmir Yolları’’ QSC-nin sədri Rövşən Rüstəmov və millət vəkilləri tərəfindən yola salındıqdan 3 gün sonra Türkiyənin Qars şəhərinə çatıb.

TurkicWorld xəbər verir ki, Qarsın qatar vağzalına gələn qatarı Qars valisi və bələdiyyə sədrinin müavini Türker Öksüz, Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, əyalətin jandarma komandiri Hıdır Ayçiçək, bəzi əyalət protokolları və vətəndaşlar qarşılayıb.

T.Öksüz Türkiyənin dağıdıcı və acı nəticələri olan bir zəlzələ ilə üzləşdiyini bildirib: "Təəssüf ki, minlərlə vətəndaşımızı itirdik, yaralananlarımız var, onlara tezliklə şəfa diləyirik. Bu zəlzələlərin açdığı yaraları tez bir zamanda sarmaq üçün bütün ictimai qurum və təşkilatlarımız səfərbərdir".

T.Öksüz zəlzələ bölgəsinə xaricdən yardımların gəlməsinin davam etdiyini bildirərək, Azərbaycandan gələn qatarda zəlzələdən zərər çəkənlər üçün humanitar və ərzaq yardımı məhsullarının olduğunu qeyd edib.

O, Azərbaycana öz təşəkkürünü ifadə edib. "Bizim Azərbaycanla iki dövlət, bir millət anlayışı çərçivəsində qardaşlıq münasibətlərinə əsaslanan mövqeyimiz var. Biz çox yaxşı bilirik ki, azərbaycanlı qardaşlarımız bu acını ürəklərində hiss edirlər. Sağ olsunlar ki, bu ağır gündə bizi tək qoymadılar. Bu yardımlar qatarla Kayseriyə, oradan da zəlzələ bölgəsinə göndəriləcək", - deyə T.Öksüz əlavə edib.