BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyənin xarici işlər naziri Hakan Fidan Banqladeşin paytaxtı Dəkkədə Banqladeş xarici işlər naziri Xalilur Rəhman ilə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında çıxış edərək rohinya müsəlmanları probleminin uzunmüddətli, ədalətli və dayanıqlı şəkildə həll olunması üçün Ankara tərəfindən beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq aparıldığını bildirib.
Hakan Fidan qeyd edib ki, Türkiyə regiondakı müvafiq ölkələr və beynəlxalq təşkilatlarla koordinasiyalı şəkildə fəaliyyət göstərərək rohinya icmasının yaşadığı böhranın qlobal gündəmdə qalmasına çalışır. Onun sözlərinə görə, qlobal çağırışların artdığı bir dövrdə Banqladeş üzərinə böyük humanitar yük düşür və bu ölkə illərdir öz ərazisində bir milyondan çox rohinya müsəlmanına sığınacaq verməklə mühüm humanitar məsuliyyət daşıyır.
Nazir çıxışında rohinya müsəlmanlarının faciəsinin davam etdiyini vurğulayaraq, Türkiyənin bu məsələnin beynəlxalq ictimaiyyətin diqqətindən düşməməsi üçün səylərini artırdığını bildirib. O, həmçinin Türkiyənin müvafiq qonşu ölkələr və beynəlxalq qurumlarla həmrəylik və koordinasiya içində hərəkət etdiyini, məqsədin isə uzunmüddətli və ədalətli həll mexanizmi formalaşdırmaq olduğunu qeyd edib.
Hakan Fidan Banqladeş xarici işlər naziri Xalilur Rəhmanı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyasına sədr seçilməsi münasibətilə təbrik edib və bu seçimin Banqladeşin beynəlxalq arenada nüfuzunun göstəricisi olduğunu diqqətə çatdırıb.
O, Banqladeş və Türkiyə arasında intensivləşən diplomatik təmasların iki ölkə arasındakı əlaqələri daha da dərinləşdirdiyini, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi və münasibətlərin daha yüksək səviyyəyə qaldırılması istiqamətində ortaq iradəni ortaya qoyduğunu bildirib.
Görüş zamanı iki ölkənin xarici işlər nazirləri arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması məsələsi də müzakirə edilib. Hazırda 1,3 milyard ABŞ dolları həcmində olan ticarət dövriyyəsinin 2 milyard ABŞ dollarına çatdırılması hədəf kimi müəyyən edilib.
Hakan Fidan Banqladeş səfəri çərçivəsində Koks-Bazar bölgəsində yerləşən qaçqın düşərgələrinə də baş çəkməyi planlaşdırdığını bildirib. Həmin düşərgələrdə rohinya müsəlmanları yaşayır və Türkiyənin müxtəlif qurumları — Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi, Fövqəladə Halların İdarə Olunması Agentliyi, Türk Qızıl Ayparası, Türkiyə Dini Vəqfi və Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən humanitar fəaliyyətlər burada davam etdirilir. Səfər proqramına Türkiyənin səhra xəstəxanasının da ziyarəti daxildir.
Türkiyənin xarici siyasət prioritetlərindən birinin regionda sabitlik, təhlükəsizlik, sülh və rifahın təmin edilməsi olduğunu deyən Hakan Fidan əlavə edib ki, hazırda regional münaqişələr qlobal proseslərə misli görünməmiş təsir göstərir və mövcud gərginliklərin daha geniş coğrafiyalara yayılması ciddi narahatlıq doğurur.
Nazir beynəlxalq ictimaiyyət üçün əsas prioritetin İsrailin hücum xarakterli hərəkətlərinin dayandırılması və regionda hərbi təhdidlərin aradan qaldırılması olduğunu vurğulayıb. O, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumların təkcə region üçün deyil, qlobal miqyasda da mənfi nəticələr doğurduğunu qeyd edib. Bununla yanaşı, Vaşinqton və Tehran arasında aparılan danışıqlarda əldə olunan irəliləyişi müsbət qiymətləndirərək, bu dialoqun konkret nəticələrə gətirib çıxaracağına və davamlı sülh üçün zəmin yaradacağına ümid etdiyini bildirib.
Hakan Fidan həmçinin Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsinin və əvvəlki vəziyyətə qayıdışın dünya iqtisadiyyatı, enerji təhlükəsizliyi və qlobal sabitlik üçün vacib olduğunu diqqətə çatdırıb.
O, regionda mövcud fikir ayrılıqlarının yalnız dialoq yolu ilə həll edilə biləcəyinin getdikcə daha aydın şəkildə dərk edildiyini və diplomatik səylərin bu istiqamətdə gücləndiyini vurğulayıb.






