BAKI, TurkicWorld, Nailə Babazadə
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu regionda artan müharibə riski fonunda bağlanan hava məkanları və nəqliyyat marşrutları ilə bağlı mühüm açıqlamalar verib.
TurkicWorld xəbər verir ki, nazir bildirib ki, Suriya, İraq, İran və İsrail hava məkanlarının tamamilə qapalı olması səbəbindən hava hərəkətində ciddi risklər yaranıb. Bu vəziyyətdə həm Türkiyə, həm də xarici ölkə vətəndaşlarının təxliyəsi üçün Oman və Səudiyyə Ərəbistanı üzərindən əlavə reyslər təşkil edilib. Nazir qeyd edib ki, müvafiq ölkələrlə əldə olunan razılığa əsasən, vətəndaşlar quru yolu ilə bu ölkələrə keçərək oradan İstanbul vasitəsilə dünyaya yollanırlar və hazırda bu prosesdə heç bir ciddi axsama müşahidə olunmur.
Nazir Uraloğlu quru yolu daşımalarında İran, Suriya və İraq xəttində keçidlərin fasiləsiz davam etdiyini vurğulayıb. İranda qalan "Pegasus" və "Türk Hava Yolları"na (THY) məxsus təyyarələrin vəziyyətinə də toxunan nazir, hər iki təyyarənin heyətinin artıq Türkiyəyə gətirildiyini diqqətə çatdırıb. O, təyyarələrin özlərinin isə müharibənin gedişatından asılı olaraq gələcəkdə geri alınacağını və prosesin yaxından izlənildiyini ifadə edib. Hazırda Türkiyəyə məxsus heç bir vətəndaşın, təyyarənin və ya gəminin birbaşa hücuma məruz qalmadığı və zərər görmədiyi xüsusi olaraq qeyd edilib.
Dəniz nəqliyyatı ilə bağlı vəziyyəti şərh edən Uraloğlu Hörmüz boğazında Türkiyə sahiblərinə məxsus 15 gəminin gözləmə nöqtəsində olduğunu bildirib. Nazir vurğulayıb ki, gəmilərin bütün heyəti və personeli ilə daim əlaqə saxlanılır və onların ehtiyaclarının qarşılanması istiqamətində heç bir problem yoxdur. Gəmilərin yeganə çətinliyi ərazidə hərəkətin məhdudlaşdırılması səbəbindən gözləmək məcburiyyətində qalmalarıdır. Hörmüz boğazındakı gərginlik azalan kimi həmin gəmilərin təhlükəsiz şəkildə çıxarılması təmin ediləcək. Türkiyə dövləti bölgədəki hərbi eskalasiyanın mülki nəqliyyata təsirlərini minimuma endirmək üçün bütün diplomatik və texniki kanallardan istifadə etməyə davam edir.







