Son dəqiqə

Türkiyə Səudiyyə Ərəbistanı Ömer Bolat Türkiyə - Səudiyyə Ərəbistanı əməkdaşlığı

Türkiyə və Səudiyyə Ərəbistanı arasında ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması planlaşdırılır

BAKI,TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ər-Riyadda "Səudiyyə Ərəbistanı-Türkiyə İnvestisiya Forumu" keçirilib.

TurkicWorld xəbər verir ki, forumda çıxış edən Türkiyənin ticarət naziri Ömer Bolat bu səfərin tarixi xarakter daşıdığını və imzalanacaq çoxsaylı müqavilələrlə iki ölkə arasındakı dostluq münasibətlərinin iqtisadi sahədə daha da möhkəmlənəcəyini bildirib.

Nazir Bolat qeyd edib ki, son illərdə hər iki ölkə liderinin yaxın əməkdaşlığı nəticəsində siyasi, iqtisadi, müdafiə sənayesi, nəqliyyat və enerji sahələrində əlaqələr ən yüksək səviyyəyə çatıb. O, iki ölkə arasındakı iqtisadi və strateji münasibətlərin inkişafının hər iki liderin uzaqgörən vizyonunun nəticəsi olduğunu vurğulayıb.

Türkiyənin xarici ticarət həcminin 2025-ci ilin sonuna qədər 820 milyard dollara çatdığını deyən nazir, Səudiyyə Ərəbistanı ilə olan ticari hədəfləri də açıqlayıb. Hazırda iki ölkə arasındakı ticarət dövriyyəsi 8,6 milyard dolları ötüb. Liderlərin qarşısına qoyduğu əsas hədəf isə bu rəqəmi qısa müddətdə 10 milyard dollara, uzunmüddətli perspektivdə isə 30 milyard dollara çatdırmaqdır. Nazir Bolat 2026-cı ilin 10 milyard dollarlıq hədəfə çatılacaq il olacağına ümid etdiyini bildirib.

Səudiyyə Ərəbistanının Türkiyə üçün həm enerji, həm də podratçılıq sahəsində böyük əhəmiyyət kəsb etdiyini deyən nazir türk podratçıların bu ölkədə indiyədək 32,5 milyard dollar dəyərində 434 layihə tamamladığını xatırladıb. Səudiyyə Ərəbistanının "2030 İnkişaf Vizyonu", "Riyad Expo 2030" və 2034-cü ildə keçiriləcək Dünya Futbol Çempionatı kimi nəhəng layihələrdə türk şirkətlərinin iştirakı gözlənilir.

Eyni zamanda, bərpa olunan enerji və müdafiə sənayesi sahəsində də əməkdaşlıq sürətlənir. Hazırda Səudiyyə Ərəbistanının Türkiyədə 2 milyard dollar dəyərində investisiyası mövcuddur və yeni layihələrlə bu məbləğin daha bir neçə milyard dollar artacağı proqnozlaşdırılır.

Ömer Bolat iki ölkənin təkcə ikitərəfli layihələrdə deyil, həm də üçüncü ölkələrdə, xüsusilə Qəzza və Ukraynanın yenidən qurulmasında əməkdaşlıq edə biləcəyini qeyd edib. O, Fələstində yaşanan dağıntıların aradan qaldırılmasında Türkiyə və Səudiyyə Ərəbistanı şirkətlərinin birgə böyük işlər görəcəyinə əminliyini ifadə edib.

Mövzuya görə xəbərlər