Son dəqiqə

• e-Nabız məlumat bazası • Türkiyə səhiyyə texnologiyaları • Selçuk Bayraktar çıxışı • süni intellekt və tibb inteqrasiyası səhiyyədə texnoloji müstəqillik Sağlıq Teknoparkları tibbi məlumatların anonimləşdirilməsi

Türkiyənin tibb sahəsində dünyada bənzəri olmayan bir xəzinəsi var - Selçuk Bayraktar

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Baykar İdarə Heyətinin sədri və texnologiya lideri Selçuk Bayraktar Türkiyənin sahib olduğu e-Nabız tibbi məlumat bazasının “dünyada analoqu olmayan strateji xəzinə” olduğunu bildirib. O, süni intellekt dövründə “sağlıqda tam müstəqillik” üçün yeni yol xəritəsinin müəyyən edilməsinin vacibliyini vurğulayıb.

TurkicWorld xəbər verir ki, Bayraktar bu fikirləri İstanbulda keçirilən 11-ci Türk Tibb Dünyası Qurultayı çərçivəsində təşkil olunan “Sağlıqda Tam Müstəqillik: Milli Texnologiya Hərəkatının Yeni Yol Xəritəsi” panelində səsləndirib.

Bayraktar pandemiyanın qlobal tədarük zəncirlərinin nə qədər zəif olduğunu göstərdiyini, hətta inkişaf etmiş ölkələrin belə sadə tibbi avadanlıqların istehsalında çətinlik çəkdiyini qeyd edib. O bildirib ki, yerli şirkətlərin birgə səyləri nəticəsində Türkiyə çox qısa müddətdə respirator cihazlarını seriya istehsalına hazır vəziyyətə gətirib və 30-dan çox ölkəyə ixrac edib.

Bayraktar Türkiyənin ən böyük imkanının milyonlarla insanın illərdir toplanan tibbi məlumat bazası olduğunu söyləyib.

“Əlimizdə işlənməmiş nəhəng bir xəzinə var - e-Nabız məlumatları. Bu, dünyada bənzəri olmayan məlumat toplusudur. Ancaq bu məlumat işlənmədikcə real fayda vermir.”- Bayraktar deyib.

O, bu məlumatların tam məxfilik və qanunvericiliyə uyğun şəkildə anonimləşdirilərək tədqiqatçılara və inkişaf etdiricilərə açılmasının vacibliyini vurğulayıb. Bunun üçün universitet və xəstəxanalar çərçivəsində “Sağlıq Teknoparkları” yaradılmasını təklif edib.

Bayraktar müdafiə sənayesində əldə edilən uğurun əsas səbəbinin mühəndislərin sahədə əsgərlərlə birgə çalışması olduğunu deyib və bunun səhiyyə sektoruna da tətbiq edilməsinin vacibliyini bildirib:

“Texnologiyanı inkişaf etdirənlər həkimlərlə çiyin-çiyinə çalışmalıdır — klinikada, əməliyyatxanada. Ancaq o zaman tibb və mühəndislik real şəkildə birləşə bilər.”- o, deyib

Bayraktar vurğulayıb ki, yaşlanan əhali və artan xəstə yükü səbəbindən həkimlər xəstələrinə kifayət qədər vaxt ayıra bilmir və bu problemi aradan qaldırmağın ən real yolu süni intellektdən istifadə etməkdir.

Onun sözlərinə görə, süni intellekt köməkçiləri, qərar dəstək sistemləri, fərdiləşdirilmiş dərmanların hazırlanması, genetik araşdırmaların aparılması və molekulların sintezi kimi sahələrdə tətbiq olunacaq yeni texnologiyalar həm həkimlərin işini yüngülləşdirəcək, həm də tibbi xidmətin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Bayraktar gəncləri səhiyyədə süni intellekt sahəsinə yönəlməyə çağırıb.

Bayraktar e-Nabız sisteminin inkişaf etmiş ölkələrdən daha irəli səviyyədə olduğunu qeyd edib və məlumatların qorunması şərtilə dünya üzrə nüfuzlu universitetlərlə əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib.

O həmçinin Can Sağlığı Vəqfinin MIT tədqiqatçıları ilə birlikdə ağciyər xərçənginin süni intellektlə erkən aşkarlanması üzrə proqram hazırladığını açıqlayıb.

Mövzuya görə xəbərlər