BAKI, TurkicWorld
Türkiyə çox irəlidədir, biz bu savaşa hazır deyilik.
TurkicWorld xəbər verir ki, Yunanıstan mətbuatı Türkiyənin pilotsuz uçuş aparatları (PUA) sahəsində əldə etdiyi texnoloji irəliləyişləri və bu sahədə yaranan ciddi fərqi etiraf edib.
Yunanıstanın nüfuzlu “Pentapostagma” nəşri Bayraktar TB-3 PUA-sını öz kateqoriyasında lider adlandırıb və Yunanıstan Silahlı Qüvvələrinin bu sahədə geridə qaldığını yazıb.
Məqalədə qeyd edilir ki, mayın 28-dən iyunun 2-dək TB-3 üzərində aparılan süni intellektlə təchiz edilmiş qalxış və eniş sınaqları uğurla tamamlanıb. Optik xətt izləmə, təyyarədaşıyanın və eniş zolağının aşkarlanması, eniş bucağının qiymətləndirilməsi kimi funksiyalar uğurla sınaqdan keçirilib. Bildirilir ki, TB-3 təyyarəsi 1167 saat səkkiz dəqiqə havada qalaraq, TB-2 ilə əməkdaşlıqda səsdən sürətli raketlərlə dəqiqliklə hədəfləri vurub.
Qəzet vurğulayıb ki, uzaq məsafədən idarə edilə bilən bu İHA Türkiyənin gücünü artıracaq və kəşfiyyat, müşahidə və hücum funksiyalarını eyni anda yerinə yetirmək imkanına sahibdir.
Pentapostagma Türkiyə Müdafiə Sənayesi Başqanlığı və İxracatçılar Məclisinin məlumatlarına əsaslanaraq Baykar şirkətinin üç il ardıcıl (2021–2023) bu sahədə ixracat lideri olduğunu bildirib. Qeyd olunub ki, 2023-cü ildə 1,8 milyard dollarlıq ixrac həyata keçirən Baykar, Türkiyənin bütün sahələr üzrə ən çox ixrac edən ilk 10 şirkəti arasında yer alıb.
Başqa bir məqalədə isə Türkiyənin bu sahədə qlobal liderliyindən bəhs edilərək Yunanıstanla arasındakı texnoloji fərqin “uçuruma çevrildiyi” vurğulanıb. Qəzet Yunanıstanın İHA istehsalında hələ başlanğıc mərhələsində olduğunu, bu prosesin isə ən azı 3 il çəkə biləcəyini qeyd edib. Hazırda bürokratik əngəllər və köhnə qanunvericiliyin bu sahədə irəliləyişə əngəl olduğu bildirilir.
Pentapostagma qəzetinin yekun nəticəsinə görə, Yunanıstan ordusu yeni texnologiyalar üçün hələ hazır deyil və Türkiyə ilə İHA yarışında rəqabət aparmaq mümkün görünmür. “Türkiyə çox irəlidədir. Biz bu savaşa hazır deyilik.” - deyə qeyd olunub.