BAKI, TurkicWorld
Türkiyənin Suriyaya göndərəcəyi gündəlik 6 milyon kubmetr həcmində təbii qazın ölkənin enerji infrastrukturunun bərpasına ciddi töhfə verəcəyi gözlənilir.
TurkicWorld xəbər verir ki, Türkiyə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktarın açıqlamasına görə, üç ay ərzində həyata keçiriləcək ixracın illik həcmi 2 milyard kubmetrə çatdırıla bilər.
Qazın Kilis üzərindən Halepə çatdırılması planlaşdırılır. Nazir bildirib ki, bu qaz Halepdəki elektrik stansiyalarını işə salmaq üçün istifadə olunacaq.
Suriyada 13 illik müharibə nəticəsində enerji infrastrukturu demək olar ki, tamamilə məhv olub. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ölkədə 16 milyon insan təcili tibbi yardıma ehtiyac duyur. Elektrik təminatının çatışmazlığı səbəbindən hazırda ölkədə əsasən mobil və kiçik miqyaslı generatorlardan istifadə olunur.
Hazırda Türkiyə ilə Suriya arasında 200 meqavatlıq elektrik tədarükü mövcuddur və bu həcmin yaxın zamanda 300–400 meqavat artırılması planlaşdırılır.
Suriya Enerji naziri Məhəmməd əl-Beşirin may ayının əvvəlində Türkiyəyə etdiyi səfər və iki ölkə arasında enerji əməkdaşlığının gücləndirilməsinə dair mesajları, infrastruktur layihələrinin sürətləndiriləcəyinin siqnalı kimi qiymətləndirilir.
Türkiyə Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzinin (TESPAM) rəhbəri Oğuzhan Akyener bildirib ki, Suriyada elektrik və təbii qaz infrastrukturu çökmüş vəziyyətdədir. Onun sözlərinə görə, Şam da daxil olmaqla Suriyanın heç bir bölgəsində günün üçdə birindən çoxunda elektrik təmin edilmir.
Bundan başqa, Şam rəhbərliyinin Türkiyədən də qaz alaraq elektrik stansiyalarını işə salmaq istədiyi bildirilir. Bu stansiyalar vasitəsilə Suriya elektrik şəbəkəsini yenidən qura bilər.