Türkiyə UNESCO Antalya turizm Turizm rekordları 2025 turizm mövsümü YUNESKO Dünya Mədəni İrs Siyahısı Turizm infrastrukturu

Antalyanın mədəni irsi dünya səhnəsində

BAKI, TurkicWorld

Antalya mövsüm turizm hədəflərində 2025-ci ildə rekord gözlənilir.

TurkicWorld xəbər verir ki, Antalya valisi Hulusi Şahin 2025-ci il turizm mövsümünün uğurla başladığını və bu ilin "rekordlar ili" olacağına inandığını bildirib.

O, turizmin 12 ay boyunca davam etdiyi şəhərdə mövsümə hazırlıqların yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb.

Vali Şahin Turizm Həftəsi münasibətilə Hadrian Qapısı qarşısında jurnalistlərə açıqlama verərək bildirib ki, Antalya Hava Limanında tutumun artırılması ilə bağlı yeni terminallar istifadəyə verilib. Bu da şəhərin turizm infrastrukturuna böyük töhfə verib.

“2025-ci il üçün göstəricilər ötən ilin rekordlarını da geridə qoymaq potensialı daşıyır. Hazırda daha güclü turizm infrastrukturu və koordinasiya olunmuş fəaliyyətlərlə bu hədəfə doğru irəliləyirik,” – deyə vali qeyd edib.

Vali Şahin Boluda baş vermiş otel yanğınından sonra Antalyadakı bütün turizm obyektlərində təhlükəsizlik yoxlamalarının gücləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, şəhərdəki 2500 turizm müəssisəsində və 650 min çarpayı tutumlu obyektlərdə yoxlamalar qrafik əsasında aparılır.

O, qurumlara qanuni öhdəliklərini xatırladaraq, nöqsanları olan obyektlərə müddət verildiyini, lisenziyasız obyektlərin isə möhürləndiyini bildirib.

Vali Şahin Antalyanın mərkəzinə daha çox turist cəlb etmək istədiklərini və xüsusilə tarixi Kaleiçi başda olmaqla bir çox ərazilərin YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi üçün işlərin davam etdiyini vurğulayıb.

Qeyd edək ki, Antalya 2024-cü ildə 16 milyondan çox turisti qəbul etmişdi və yeni infrastrukturla bu sayın daha da artacağı proqnozlaşdırılır.

Mövzuya görə xəbərlər