BAKI, TurkicWorld
Yunanıstan Türkiyə ilə ayaqlaşmaq üçün Fransadan raket alır
TurkicWorld xəbər verir ki, Yunanıstan silahlı qüvvələrini modernləşdirmək və Türkiyə ilə hərbi balansı qorumaq məqsədilə Fransadan 16 ədəd Exocet MM-40 Block 3C gəmi əleyhinə raket alacaq.
Müqavilə Afinada Yunanıstan müdafiə naziri Nikos Dendias və Fransa Silahlı Qüvvələri naziri Sebastyan Lekornu arasında imzalanıb.
Fransalı nazir Yunanıstan Milli Müdafiə Nazirliyində keçirilən mərasimdə əsgərlər tərəfindən təntənəli qarşılandıqdan sonra Dendiasla təkbətək görüş keçirib. Müqavilə ikitərəfli müdafiə əməkdaşlığından əlavə, Avropa çərçivəsində strateji oriyentasiya məsələlərini də əhatə edir.
Qeyd olunur ki, Exocet MM-40 Block 3C raketləri 200 kilometrlik uçuş məsafəsinə və sahil hədəflərinə zərbə endirmək qabiliyyətinə malikdir. Bu raketlər əvvəlki nəsillərlə müqayisədə daha inkişaf etmiş hədəf aşkarlama və elektron mübarizə sistemlərinə davamlılıq baxımından üstünlüyə malikdir.
Qeyd edək ki, Yunanıstan 2021-ci ildə Fransa ilə imzaladığı 25 milyard avroluq müdafiə müqaviləsi çərçivəsində artıq Rafale döyüş təyyarələri və Belharra freqatlarını almağa başlayıb. Rəsmi Afinanın əsas məqsədi bölgədə hərbi balansı qorumaq və Türkiyə ilə strateji rəqabətdə geri qalmamaqdır.