BAKI, TurkicWorld
ASELSAN Argentina donanmasının MEKO freqatlarını modernləşdirmək üçün təklif irəli sürüb.
TurkicWorld xəbər verir ki, Türkiyənin müdafiə sənayesi nəhəngi ASELSAN, Argentina Hərbi Dəniz Qüvvələrinin MEKO 360 sinifli freqatlarını modernləşdirmək məqsədilə rəsmi təklif təqdim edib.
Şirkətin baş direktoru Ahmet Akyol təklifin əhatə etdiyi texnoloji imkanlar və iqtisadi üstünlüklər barədə ətraflı məlumat verib.
Akyol bildirib ki, bu təklif Türkiyə Hərbi Dəniz Qüvvələrinin MEKO 200 sinifli gəmilərinin uğurla modernləşdirilməsi təcrübəsinə əsaslanır. “Yeni gəmi inşası ilə müqayisədə modernləşdirmə daha sərfəlidir və biz bu təcrübəni Argentina ilə bölüşməyə hazırıq,” – deyə o vurğulayıb.
ASELSAN-ın təklifinə uzaq mənzilli radarlar, ISR sistemləri, sonar və elektron döyüş texnologiyaları daxildir. Döyüş idarəetmə sistemlərinin tam yenilənməsi də nəzərdə tutulur. Akyol, bütün bu komponentlərin bir şirkət tərəfindən təmin edilməsinin texniki xidmət və inteqrasiya baxımından mühüm üstünlüklər yaratdığını qeyd edib.
Şirkət, Argentinanın yerli gəmiqayırma müəssisələri ilə əməkdaşlıq etməyə də açıq olduğunu bildirərək, texniki imkanların bir qismini yerli tərəfdaşlara ötürmə ehtimalını nəzərdən keçirdiyini açıqlayıb.
Qeyd edək ki, ASELSAN təkcə MEKO 360 deyil, MEKO 140 sinifli freqatların da modernləşdirilməsi üçün imkanlara sahib olduğunu bəyan edib. Şirkət Latın Amerikası bazarını hədəf bölgələrdən biri olaraq görür və bu istiqamətdə Braziliya və digər ölkələrlə də layihələr həyata keçirir.