Türkiyə Indoneziya ASELSAN Müdafiə Sənayesi Nazirliyi TUSAŞ Havelsan ANKA-3

Türkiyə–İndoneziya müdafiə əməkdaşlığı genişlənir

BAKI, TurkicWorld

Türkiyə müdafiə sənayesində İndoneziya ilə əməkdaşlığı daha da genişləndirməyi hədəfləyir

TurkicWorld xəbər verir ki, Türkiyənin müdafiə sənayesi şirkətləri İndoneziyadakı tərəfdaşları ilə əlaqələri gücləndirmək və əməkdaşlığı yeni sahələrə yaymaq üçün intensiv fəaliyyətə başlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın fevral ayında İndoneziyaya səfəri çərçivəsində iki ölkə arasında ticarət, müdafiə, enerji və texniki əməkdaşlıq sahələrində bir sıra razılaşmalar əldə olunub. Bu təşəbbüslərin davamı olaraq, İndoneziya Prezidentinin Türkiyəyə səfəri zamanı Ankara JW Marriott otelində DEİK-in təşkilatçılığı ilə dəyirmi masa toplantısı keçirilib. Görüşdə ASELSAN, TUSAŞ, HAVELSAN və digər mühüm türk müdafiə sənayesi şirkətləri iştirak edib.

ASELSAN CEO-su Əhməd Akyol bildirib ki, şirkət artıq İndoneziyada yeni layihələrə başlayıb və mülki sektorda da əməkdaşlıq imkanlarını araşdırır. “Bu gün deyə bilərəm ki, qarşıdakı dövrdə daha çox iş birliyi görəcəyik,” – deyə o vurğulayıb.

TUSAŞ rəhbəri Mehmet Dəmiroğlu isə ANKA pilotsuz uçuş aparatları və modernləşdirmə layihələri üzərində işlərin başladığını qeyd edərək əlavə edib: “İndoneziya ilə əməkdaşlıqda ciddi niyyət və potensial görürük.”

HAVELSAN CEO-su Mehmet Akif Nacar da şirkətin bu il İndoneziyada daimi ofis açacağını açıqlayıb. O bildirib ki, Cənub-Şərqi Asiya regionunda ən böyük potensial məhz İndoneziyadadır və bu bazarda sürətlə irəliləyirlər.

Qeyd edək ki, Türkiyə ilə İndoneziya arasında 75 illik diplomatik münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və müdafiə sənayesi bu əməkdaşlığın əsas sütunlarından birinə çevrilməkdədir.

Mövzuya görə xəbərlər