Bakı, TurkicWorld
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Prezident Ərdoğan və ailəsinə qarşı edilən təhqirlərlə bağlı lazımi prosedurların başladığını və 43 nəfərin həbs edildiyini açıqlayıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, nazir Yerlikaya bu barədə sosial media hesabında paylaşım edib.
O, İstanbulun Saraçhane şəhərində keçirilən nümayişdən sonra Prezident Rəcəb Tayyib Ərdoğan, onun mərhum anası və ailəsinə qarşı edilən təhqirləri sərt şəkildə qınayıb.
“Təhlükəsizlik qüvvələrimiz dərhal hərəkətə keçərək lazımi tədbirləri görüb. Bu cür alçaq hərəkətlər milli-mənəvi dəyərlərimizə ziddir və qəbulolunmazdır”, – deyə Yerlikaya bildirib. O, polis tərəfindən 43 nəfərin saxlanıldığını, digər şübhəlilərin müəyyən edilməsi və tutulması üçün işlərin davam etdiyini vurğulayıb.
Qeyd edək ki, İstanbulun Saraçhane meydanında keçirilən etiraz aksiyasından sonra Prezident Ərdoğan və ailəsinə qarşı təhqiramiz ifadələrin işlədildiyi iddia olunub. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.