Bakı, TurkicWorld
Türkiyə və Azərbaycan arasında enerji əməkdaşlığı yeni mərhələyə addım atır. Türkiyə Naxçıvana təbii qaz ixrac edəcək.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin Enerji və Təbii Sərvətlər Naziri Alparslan Bayraktarın verdiyi açıqlamada deyilir.
"Iğdır-Naxçıvan qaz boru kəməri artıq tamamlanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə yaxın zamanda rəsmi açılış mərasimi keçiriləcək",- deyə o bildirib.
O qeyd edib ki, bu qaz boru kəməri ilə Türkiyənin yeni bir enerji bağlantısı təmin ediləcək və beləliklə, artıq Naxçıvanın qaz ehtiyacı Türkiyə vasitəsilə qarşılanacaq.
Qeyd edək ki, Alparslan Bayraktar, Rusiyanın paytaxtı Moskvada keçirilən rəsmi görüşlər zamanı gündəmdə olan mövzularla bağlı suallara cavab verib.
Bayraktar, Türkiyənin Avropanın dördüncü ən böyük təbii qaz istehlakçısı olduğunu vurğulayaraq, Rusiyanın bu sahədə mühüm tədarükçü ölkələrdən biri olduğunu qeyd edib.
Türkiyənin təbii qaz sahəsində böyük bir bazar olduğunu vurğulayan Bayraktar, ölkənin həm coğrafi mövqeyi, həm də həyata keçirdiyi infrastruktur sərmayələri ilə bölgədəki digər ölkələrə təchizat təhlükəsizliyi baxımından kömək edə biləcəyini bildirdi.
Qaradənizdəki işlər nəticəsində Türkiyənin artıq təbii qaz istehsalçısına çevrildiyini vurğulayan Bayraktar, "Qonşu ölkələrlə olan bağlantılarımızın tutumunu artırmaq hədəfi ilə çalışırıq. Bu sahədə ciddi imkanlar var" deyə bildirib.