Son dəqiqə

Türkiyə Ayasofya məscidi Ramazan bayramı Sultan Əhməd Məscidi Osmanlı Mahya ənənəsi

Osmanlı Mahya ənənəsi yenidən məscidləri bəzəyir

Bakı, TurkicWorld

Ramazan ayının yaxınlaşması ilə Osmanlı dövründən miras qalan mahya ənənəsi İstanbulun tarixi məscidlərində yenidən canlanır, Ayasofya Ulu Məscidi, Eminönü Yeni Məscidi və Süleymaniyyə Məscidi başda olmaqla bir çox məscidlərin minarələri arasında mahyalar asılıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , Osmanlı İmperatorluğunda 16-cı əsrdən etibarən tətbiq edilən bu ənənə, Ramazan ayında məscidlərə asılan işıqlandırılmış yazılar vasitəsilə cəmiyyətə mənəvi mesajlar vermək məqsədi daşıyır.

Lakin bu il Sultanəhməd məscidində bərpa işləri aparıldığı üçün mahya qurulmayacaq.

İstanbul Müftisi Prof. Dr. Safi Arpaquş, mahya sənətinin bu gün yalnız az sayda sənətkar tərəfindən yaşadıldığını vurğulayıb. Vəqflər Ümumi Müdirliyi ilə birlikdə İstanbulun görkəmli məscidlərində mahyalar asıldıqlarını bildirən Arpaquş, bu il mahyaların Süleymaniyyə, Eyüpsultan, Böyük Çamlıca və Memar Sinan məscidlərində də yer aldığını qeyd edib.

Müftinin sözlərinə görə, mahyalar xüsusilə çox minarəli məscidlərdə iki minarə arasında yerləşdirilir və üzərində cəmiyyətə mənəvi mesajlar yazılır.

"Tarixə baxdıqda fərqli vaxtlarda müxtəlif mahyalar hazırlanıb, lakin Ramazan ayında daha çox ibadət, oruc, namaz, sədəqə, qardaşlıq və ailə dəyərləri ön plana çıxarılır. Mahyalar, iftar və imsak vaxtlarını vizual şəkildə ayıran bir ənənə olaraq da mühüm rol oynayır." - deyə o bildirib.

Bu il mahyalarda "Xeyir" mövzusuna daha çox diqqət yetiriləcək. Müftinin verdiyi məlumata görə, Ayasofya Ulu Məscidində – "La ilahe illallah" ifadəsi Ramazan ayı boyunca dəyişdirilmədən qalacaq. Eminönü Yeni Məscidində – "Yaxşılığa dəstək ol", "Namaz qıl, zəkat ver", "Axirətini unutma", "Bayram sevincdir" ifadələri, Memar Sinan Məscidində isə – "Ramazan Quran ayıdır", "Ailə cəmiyyətin təməlidir", "Axirətinizi unutmayın" ifadələri işıqlanacaq.

Bundan əlavə, "Ailə ili" elan olunduğu üçün ən az bir həftə ərzində ailə dəyərlərini vurğulayan mahyalar nümayiş olunacaq.

Bu qədim ənənə İstanbulun Ramazan gecələrinə xüsusi bir ruh və mənəvi atmosfer qatmağa davam edir.

Mövzuya görə xəbərlər