Bakı, TurkicWorld
Türkiyə Müdafiə Sənayesi Başçısı Haluk Görgün, seriyalı istehsal edilən ilk Altay tanklarının bu il Türkiyə Silahlı Qüvvələrinə təhvil veriləcəyini açıqlayıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki , Görgün, BMC Ankara Zirehli Maşın İstehsalı Müəssisəsinə səfəri zamanı bildirib ki, 2028-ci ilə qədər ordunun inventarına ümumilikdə 165 Altay tankı daxil ediləcək.
"Bu il verdiyimiz sözə əməl edərək seriyalı istehsal olunan ilk tanklarımızı ordumuza təhvil verəcəyik. Planımıza əsasən, avqust ayında istehsal müəssisəmizi açacağıq və prosesə start verəcəyik. 2025-ci ildə 3 tank, 2026-cı ildə 11 tank, 2027-ci ildə 41 tank və 2028-ci ildə 30 tank olmaqla, cəmi 85 Altay tankı təhvil veriləcək." - deyə Haluk Görgün tankların istehsalı və təhvili ilə bağlı planlarını belə açıqlayıb.
Tankın atəş gücü, komanda-idarəetmə və əməliyyat qabiliyyəti baxımından yüksək texnologiyalı alt sistemlərə sahib olduğunu vurğulayan Görgün, 2028-ci ilə qədər ümumilikdə 165 tankın ordunun istifadəsinə veriləcəyini qeyd edib.
Altay tanklarında istifadə ediləcək BATU mühərrikləri – 400, 600, 800, 1000 və 1500 at gücündə – yerli istehsal olunacaq. Mühərrik və güc ötürücü sistemlərin xaricdən asılılığını aradan qaldırmaq məqsədilə yerli istehsal imkanları genişləndirilir. Tankın istehsalında HAVELSAN, KETSAN, ASELSAN və BMC Power kimi milli şirkətlər iştirak edir.
BMC İdarə Heyətinin sədri Fuat Tosyalı bildirib ki, istehsal ediləcək zirehli texnikalar üçün daxili və milli mühərriklər tədarük ediləcək.
BMC Power obyektinin ümumi sahəsi 840 min kvadratmetr olacaq və 63 min kvadratmetrlik kütləvi istehsal xəttini əhatə edəcək. Burada tankın hissələrinin hazırlanması, qaynaq, son emal, rəngləmə, montaj və sınaq prosesi həyata keçiriləcək.







