Bakı,TurkicWorld
TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) də KAAN ilə maraqlandığını və bu ölkə ilə ortaq hava platforması inkişaf etdirə biləcəklərini açıqlayıb.
TurkicWorld xəbər verir ki, Türkiyənin ən mühüm müdafiə sənayesi layihələrindən biri olan Milli Döyüş Təyyarəsi KAAN-a qlobal maraq artmaqdadır.
Abu Dabidə keçirilən IDEX 2025 sərgisində Demiroğlu, TUSAŞ-ın BƏƏ bazarında güclü bir oyunçu olduğunu və həm dövlət qurumları, həm də özəl şirkətlərlə müxtəlif layihələr üzərində çalışdıqlarını bildirib.
O, BƏƏ mərkəzli Calidus şirkəti ilə "Hürkuş" təyyarəsinin birgə istehsalı və onların mövcud təyyarələrinin birgə inkişafı mövzusunda razılığa gəldiklərini və bu anlaşmanın imzalanacağını qeyd edib.
Demiroğlu, BƏƏ-nin daha əvvəl ATAK 1 helikopterini sınaqdan keçirdiyini və çox bəyəndiklərini, lakin sonradan prosesin yavaşladığını, indi isə bu prosesi sürətləndirməyə çalışdıqlarını vurğulayıb.
O, həmçinin ANKA-3 pilotsuz uçuş aparatı ilə bağlı BƏƏ-nin ciddi marağı olduğunu və bu platforma üçün əvvəlki təşəbbüslərin yenidən canlanmasını gözlədiklərini bildirib. Demiroğlu, yalnız ANKA-3 ilə məhdudlaşmayaraq, BƏƏ ilə fərqli bir platforma inkişaf etdirmək niyyətində olduqlarını və gələcəkdə daha müsbət xəbərlər paylaşmağı ümid etdiklərini ifadə edib.
Bu açıqlamalar, Türkiyənin müdafiə sənayesi sahəsində beynəlxalq əməkdaşlıqlarını genişləndirmək və yerli istehsal gücünü artırmaq istiqamətində əhəmiyyətli addımlar atdığını göstərir.