Bakı,TurkicWorld
Türkiyə regional sabitliyi təmin etmək məqsədilə Suriyaya enerji tədarükünü artıracaq.
TurkicWorld xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 15-ci Baş Assambleyasında çıxışı zamanı ölkənin enerji siyasəti və regional əməkdaşlıq planlarını açıqlayıb.
Bayraktar qeyd edib ki, Türkiyə hazırda İraq kimi qonşu ölkələrə enerji tədarük edir və bu əməkdaşlığı daha da genişləndirmək niyyətindədir.
"Coğrafi mövqeyimiz bizə strateji üstünlük verir. Regionda sabitliyi təmin etmək üçün qonşu bazarlarla enerji şəbəkəsini genişləndirmək prioritetlərimiz sırasındadır. Bu məqsədlə Suriyaya enerji tədarükümüzü artıracağıq." - deyə qeyd edib.
Nazir, çıxışında ölkənin enerji siyasətində yenilənə bilən mənbələrin önəmli yer tutduğunu qeyd edib. O bildirib ki, son 20 ildə Türkiyədə enerji tələbatı üç dəfə artıb və qarşıdakı 20 ildə də bu artım davam edəcək. Bu artan tələbatı ödəmək üçün bərpa olunan enerji mənbələrinə yatırımları genişləndirmək əsas prioritetdir.
Bayraktar, həmçinin Türkiyənin portfelinə nüvə enerjisini əlavə etməyi planlaşdırdığını və bu sahədə də irəliləyişlər əldə etmək niyyətində olduğunu vurğulayıb.
O əlavə edib ki, Türkiyə bərpa olunan enerji sahəsində daha çox rəqəmsallaşmış və innovativ yanaşmalar tətbiq edərək, enerji keçidini uğurla həyata keçirmək niyyətindədir.
Nazir çıxışı zamanı Türkiyənin yeni kəşf edilmiş nadir torpaq elementləri ehtiyatları üzərində tədarük və dəyər zənciri yaratmağı planlaşdırdığını da bildirib. Bu ehtiyatlar ölkənin enerji keçidini sürətləndirmək və texnoloji inkişafı dəstəkləmək üçün vacib amillərdən biri hesab olunur.