Bakı,TurkicWorld
Kosovonun mərkəzi hissələrində yerləşən Lipyan Bələdiyyəsində, türk dili ölkənin ənənəvi olaraq danışılan dillərinə verilən rəsmi istifadədə olan dil statusunu qazanıb.
TurkicWorld xəbər verir ki, bu qərar Kosovo Demokratik Türk Partiyasının (KDTP) millət vəkili Enis Kervanın təşəbbüsü ilə Lipyan Bələdiyyə Şurasında keçirilən iclasda yekdilliklə qəbul edilib.
Kervan, türk dilinin rəsmi istifadədə olan dil statusu qazanmasından məmnun olduğunu bildirərək, Lipyan bələdiyyəsinin Yanova kəndində əsasən türklərin yaşadığını və bu qərarın ölkənin müxtəlif bölgələrində türkcənin güclənməsi üçün bir addım olduğunu vurğulayıb. Kosovada artıq türk dili Prizren və Mamuşa bələdiyyələrində "rəsmi dil", Priştina, Gjilan, Vycitirin, Cənubi Mitrovitsa və Şimali Mitrovitsa bələdiyyələrində isə "rəsmi istifadədə olan dil" statusuna malikdir.
Qeyd edək ki, Kosovo qanunlarına əsasən, bir bələdiyyə sərhədləri daxilində ənənəvi olaraq danışılan dil, təmsilçiliyindən asılı olmayaraq "rəsmi istifadədə olan dil" statusuna malik ola bilər. Bu status, rəsmi sahələrdə həmin dilin istifadəsini tələb etmir.
Onu da qeyd edək ki, Kosovada 2024-cü ildə keçirilən siyahıyaalmaya görə, ölkədə 19 min 419 türk yaşayır, təxminən 50 min insan isə ana dili ilə yanaşı türkcə danışa bilir.