Bakı, TurkicWorld
Türkiyənin xarici işlər naziri Hakan Fidan, "Fələstin xalqı öz torpaqlarında, öz dövlətinin çətiri altında mütləq azad, təhlükəsiz və firavan bir həyat sürəcək" ifadəsini işlədib.
TurkicWorld xəbər verir ki, Nazir Fidan sosial media hesabında "Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Günü" münasibətilə paylaşım edib.
Fidan, 1947-ci ildən bu yana Fələstin xalqının məruz qaldığı haqsızlıq və zülmə baxmayaraq, şərəfli mübarizəsini davam etdirdiyini vurğulayıb. O, fələstinlilərin torpaqlarına, kimliklərinə və gələcəklərinə sahib çıxaraq, beynəlxalq hüquqa və qlobal dəyərlərə olan inamı simvolizə etdiklərini qeyd edib.
Nazir, tarixin heç bir zülmün əbədi olmadığını göstərdiyini bildirərək, Fələstin xalqının mübarizəsinə beynəlxalq dəstəyin artdığını diqqətə çatdırıb. Vicdanlı millətlərin və fərdlərin səsinin daha güclü eşidildiyini vurğulayan Fidan, Fələstin xalqının mütləq azad və firavan bir həyata qovuşacağını ifadə edib.
"Türkiyə olaraq, ədalət və sülhün bərqərar olması üçün Fələstin xalqı ilə birlikdə işləməyə davam edəcəyik," deyə nazir Hakan Fidan paylaşımında bildirib.