Bakı. TurkicWorld:
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.
Milli Məclisdən TurkicWorld-a verilən məlumata görə, Numan Kurtulmuş "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədrinə, qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyib.
Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.