Son dəqiqə

Türkiyə Oman

OYAK və Oman İnvestisiya Təşkilatı ortaq investisiya fondu yaradıb

Bakı, TurkicWorld

OYAK və Oman Sultanlığının sərvət fondu olan Oman İnvestisiya Təşkilatı (OIA) 500 milyon dollarlıq ortaq investisiya fondu yaradıb.

TurkicWorld xəbər verir ki, fondun hər iki tərəfi 250 milyon dollar sərmayə yatıracaq. Əsasən suveren sərvət fondları ilə əməkdaşlıq edən OIA, dünyanın müxtəlif bölgələrində bu tip layihələr həyata keçirmiş bir qurumdur.

OYAK-ın baş direktoru Süleyman Savaş Erdem fondun qurulmasını Türkiyə iqtisadiyyatına və qlobal bazarlara olan güvən kimi qiymətləndirib. O, OYAK-ın Türkiyədə və 25-dən çox ölkədə müxtəlif sahələrdə fəaliyyət göstərdiyini vurğulayaraq, fond vasitəsilə həm Türkiyədə, həm də xaricdə strateji sahələrə investisiya edəcəklərini bildirib.

Oman İnvestisiya Təşkilatının rəhbəri Abdulsalam bin Mohammed Al-Murshidi isə bu əməkdaşlığın OIA-nın beynəlxalq böyümə strategiyasına uyğun olduğunu və yüksək gəlirli tərəfdaşlıqlar qurmaq məqsədi daşıdığını qeyd edib.

Fondun ilk layihəsi İskəndərunda "Cənub Konteyner Limanı" olacaq. Bu limanın həm Türkiyənin ehtiyaclarını qarşılaması, həm də Oman İnvestisiya Təşkilatının qlobal investisiyalarına giriş qapısı kimi xidmət göstərməsi planlaşdırılır.

Qeyd edək ki, OIA hazırda 51 milyard dollar dəyərində aktivə malikdir və sənaye, enerji, logistika, maliyyə və texnologiya da daxil olmaqla müxtəlif sahələrdə 50-dən çox ölkədə fəaliyyət göstərir.

Mövzuya görə xəbərlər