Bakı, TurkicWorld
Ənənəvi idmanlar mədəni irsin ötürülməsində əhəmiyyətli rola malikdir.
TurkicWorld xəbər verir ki, bu sözləri Dünya Etnospor Konfederasiyasının Prezidenti Bilal Erdoğan, London şəhərində təşkil olunan "Qlobal Problemlərə Gənclərin Cavabları: İmkanlar və Çətinliklər" adlı paneldə çıxış edərkən deyib.
Paneldə Türkiyənin Londondakı səfiri Osman Koray Ertaş və İslam Əməkdaşlığı Gənclik Forumu Prezidenti Taha Ayhan ilə yanaşı, çoxsaylı Türkiyəli və xarici qonaqlar iştirak edib.
Açılış nitqini söyləyən Ayhan, ICYF-nin 56 üzv ölkənin gənclərinə xidmət etdiyini vurğulayıb. Daha sonra Bilal Erdoğanı çıxış etmək üçün səhnəyə dəvət edib.
Erdoğan, mədəni irsin ötürülməsinin vacibliyinə diqqət çəkərək, ənənəvi idmanların bu prosesdə effektiv bir metod ola biləcəyini dilə gətirib. Gənclərin öz mədəniyyətlərini gələcək nəsillərə ötürmələrinin çətinliyinə toxunan Erdoğan, "Əsas çətinlik, gənclərin öz mədəniyyətlərini miras almalarıdır. Bu, dünyanın hər yerində olduqca çətin bir prosesdir. Ancaq mədəniyyəti gələcək nəsillərə ötürmənin yollarını tapmalıyıq" deyib.
Dünya Etnospor Konfederasiyası olaraq, ənənəvi idmanların dünya səhnəsində daha çox yer tapması üçün 5 qitədə və 22 ölkədə liderlik etdiklərini bildirən Erdoğan, bu idmanların yalnız bir yarış deyil, eyni zamanda mədəni zənginliklərin, dostluğun və həmrəyliyin simvolu olduğunu bildirib.
Erdoğan, öz mədəniyyətinin və dəyərlərinin fərqində olan gənclərin dünyaya daha çox töhfə verəcəyini vurğulayıb.
Dünya üzrə yaşanan mənfi hallara baxmayaraq, daha yaxşı bir dünya üçün hərəkətə keçilməsinin lazım olduğunu bildirərək, "Dünyada baş verənlər əslində bizi daha böyük hədəflərə çatmaq üçün motivasiya etməlidir. Daha yaxşı bir dünya və insanlıq üçün yeni bir dövr başlayacaq və biz də bunun bir parçası olmalıyıq" deyib.
Həmçinin, Türkiyənin mövqeyi və əhəmiyyətinə diqqət çəkərək, "Türkiyənin böyük ümidləri var. Bir çox sahədə iddiası var və düşünürəm ki, Türkiyə bunu gerçəkləşdirəcək" ifadələrini işlədib.







