Bakı, TurkicWorld
"Rusiya-Türkiyə münasibətləri mehriban qonşuluq və konstruktiv xarakter daşıyır."
TurkicWorld xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kazanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.
O, Türkiyə ilə BRICS arasında sıx əməkdaşlıq qurmağın vacibliyini vurğulayıb.
Putinin sözlərinə görə, Moskva və Ankara arasında enerji sahəsində strateji əhəmiyyətli əlaqələr mövcuddur. "Rusiya Türkiyənin etibarlı və uzun müddət sınanmış təbii qaz tədarükçüsüdür. Ötən il 'Mavi Axın' və 'Türk Axını' boru kəmərləri vasitəsilə 20,5 milyard kubmetr qaz ixrac edilib," deyə o qeyd edib. Putin həmçinin Türkiyədə beynəlxalq qaz qovşağının yaradılması hazırlıqlarının davam etdiyini bildirib.
Prezidentlər regional məsələlər, Suriya sülh prosesi və Cənubi Qafqazda vəziyyətin normallaşdırılması kimi vacib mövzulara da toxunublar. Putin Ukrayna böhranı ilə bağlı Ərdoğanı məlumatlandırmağa hazır olduğunu əlavə edib və Yaxın Şərqdəki məsələlərdə Rusiya və Türkiyənin prinsipial mövqelərinin uyğun olduğunu vurğulayıb.
Rusiya lideri Ankarada baş vermiş terror aktını qınayıb və başsağlığı verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başsağlığına görə Putinə təşəkkür edib və 4 nəfərin həlak olduğunu, 14 nəfərin yaralandığını bildirib.
Ərdoğan həmçinin Rusiya Prezidentinin yaxın zamanda Türkiyəyə səfər edəcəyini gözlədiyini vurğulayıb və Türkiyə ilə Rusiya arasında banklararası əməliyyatların normallaşdırılması istiqamətində işlərin davam etdiyini qeyd edib.