Bakı, TurkicWorld
Bakıda keçirilən BMT İqlim Sammitində jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı fikirləri dünya mətbuatında böyük marağa səbəb olub.
TurkicWorld xəbər verir ki, Ərdoğan, çərşənbə axşamı paytaxt Bakıda keçirilən BMT İqlim Sammitində iştirak edərək, çıxışları və verdiyi açıqlamalarla geniş diqqət çəkib.
Belə ki, ABŞ və Avropa mediasında Ərdoğanın İsrailə dair son açıqlamaları əks-səda doğurub.
"Newsweek" jurnalında dərc olunan "Türkiyə İsraillə əlaqələrini kəsdi" başlıqlı məqalədə Ərdoğanın İsraillə bağlı sərt mövqeyinə diqqət çəkilib.
ABC News isə Prezident Ərdoğanın Suriya ilə normallaşma prosesinə dair müsbət ümidlər bəslədiyini vurğulayaraq, onun “Suriya ilə barışıqdan ümidvarıq” ifadəsini manşetində yerləşdirib.
Böyük Britaniyada fəaliyyət göstərən Middle East Eye də Ərdoğanın “Türkiyə İsraillə bütün əlaqələrini kəsir” ifadəsini manşetə çıxarıb və onun təyyarədə jurnalistlərə verdiyi açıqlamalara geniş yer verib.
Digər Britaniya mərkəzli xəbər platforması Middle East Monitor isə Ərdoğanın “İsrailin Livana təcavüzünün nəticələri fərqli olacaq” xəbərdarlığını vurğulayıb.
İsrailin i24 News kanalı isə Ərdoğanın "Türkiyə sona qədər fələstinlilərin yanında olacaq" açıqlamasına xüsusi diqqət çəkib.
Çin mərkəzli Global Times isə xəbərini “Prezident Ərdoğan Türkiyənin İsraillə əlaqələrini kəsdiyini açıqladı” başlığı altında yayımlayaraq, Ərdoğanın İsraillə münasibətlərdəki sərt mövqeyini ön plana çıxarıb.
Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən xəbər xidməti, Prezident Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevi xüsusi diqqətə layiq görərək, onları sammitin ən önəmli simaları kimi təqdim edib. Sammitdə 50-yə yaxın liderin çıxış edəcəyi bildirilərkən, bu çıxışların içində ən çox önə çıxanların Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev olduğu xüsusi olaraq vurğulanıb.