Son dəqiqə

TBMM

Türkiyədə uşaqların qorunması üçün araşdırma komissiyası yaradılıb

Bakı, TurkicWorld

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında “Uşaqların hər cür zorakılıq və sui-istifadədən qorunması, onların ruhi, mənəvi və fiziki sağlamlığının inkişaf etdirilməsi üçün lazım olan tədbirlərin müəyyən edilməsi” məqsədilə araşdırma komissiyası yaradılıb.

TurkicWorld xəbər verir ki, komissiya müvafiq nazirliklərlə, xüsusən də Daxili İşlər və Ailə nazirlikləri ilə, İnformasiya Texnologiyaları və Rabitə Təşkilatı həmçinin Radio və Televiziya Ali Şurası kimi müvafiq dövlət qurumlarıyla uşaqların müdafiəsi üçün lazım olan addımlarla bağlı müzakirələr aparacaq.

Uşaqların müdafiəsi üçün mövcud siyasət və strategiyalar araşdırılacaq. Ailə, cəmiyyət və qurumların uşaqların müdafiəsinə təsirləri qiymətləndiriləcək.

Millət Məclisi öz sahələrində mütəxəssis olan elm adamlarını və universitet müəllimlərini dəvət edərək onlardan uşaqları qorumaq, onların zehni inkişafını dəstəkləyən tədbirləri müəyyən etmək, uşaqların mənəvi və fiziki sağlamlıqlarını artırmaq məqsədilə məsləhət alacaq.

İlkin olaraq üç ay işləyəcək və əlavə bir ay uzadılma haqqı veriləcək olan komissiya, uşaqlara qarşı edilən zorakılıq hadisələri ilə bağlı araşdırma aparacaq. Aparılacaq araşdırmalardan sonra komissiya dövlət qurumları üçün yol xəritəsi hazırlayacaq.

Türkiyədə 22 milyon uşaq olduğunu və əhalinin 26 faizini təşkil etdiyini deyən Komissiyanın sədri və AK Partiya Osmaniye Millət vəkili Derya Yanık ” AK Partiya olaraq uşaqlara qarşı riskləri qabaqcadan görən mexanizmlər qururuq və bir çox sahədə inqilabi addımlar atmışıq” – deyib.

Yanık həmçinin sosial medianın nəzarətsiz istifadəsinin uşaqlar və ailələr üçün ciddi zərərləri olduğuna diqqət çəkib.

Mövzuya görə xəbərlər