Son dəqiqə

Türkiyə müdafiə sistemləri Defense News Top 100

Türkiyə şirkətləri dünyanın 100 ən böyük müdafiə sistemləri siyahısındadır

Bakı, TurkicWorld

ABŞ-da yerləşən “Defense News” nəşri 2024-cü ildə dünyanın 100 ən böyük müdafiə və aerokosmik sənayesi şirkətlərinin (Defense News Top 100) siyahısını dərc edib.

TurkicWorld məlumat verir ki, nüfuzlu siyahıya bu il Türkiyənin beş şirkəti daxil edilib. Ötən ilki siyahıda isə Türkiyədən dörd şirkət yer almışdı .

Siyahıya görə, ötən il 47-ci pillədə qərarlaşan ASELSAN, bu il 42-ci pilləyə yüksəlib. Şirkətin 2023-cü ildə müdafiə gəlirləri iki milyard 986 milyon dollar olaraq müəyyən edilib və bu gəlir 2022-ci illə müqayisədə 29% artıb. ASELSAN-ın ümumi gəlirlərinin 94 faizi müdafiə sektorundan əldə edilir.

TUSAŞ şirkəti isə 58-ci yerdən 50-ci yerə yüksəlməklə diqqət çəkib. 2023-cü ildə müdafiə gəlirləri iki milyard 205 milyon 740 min dollar olan şirkətin gəlirlərində 2022-ci ilə nisbətən 49% artım olub. Şirkətin gəlirlərinin 82%-i müdafiə sektoruna aiddir.

Ötən il 80-ci yerdə olan ROKETSAN bu il 71-ci yerə yüksəlməklə əhəmiyyətli irəliləyiş əldə edib. 2023-cü ildə müdafiə gəliri bir milyard 256 milyon 260 min dollar olaraq qeyd edilərkən, bu rəqəm 2022-ci il gəlirləri ilə müqayisədə tam 21% azalıb. Şirkətin bütün gəlirləri müdafiə sektorundan təmin edilir.

Bu il siyahıya ilk dəfə daxil olan şirkətlərdən biri MKE A.Ş isə 84-cü yerdə qərarlaşıb. Şirkətin 2023-cü il üçün müdafiə gəliri 905 milyon 750 min dollar olmaqla, 2022-ci illə müqayisədə 64% artım olduğu görünür.

2023-cü ildə siyahıya 100-cü sırada daxil olan ASFAT isə bu il 94-cü sıraya yüksəlib. Şirkətin 2023-cü il üçün müdafiə gəliri 656 milyon 880 min dollar olaraq qeydə alınıb və bu 2022-ci illə müqayisədə 26% azalma olduğunu göstərir.

Qeyd edək ki, “Defense News Top 100 ” siyahısında ilk onluğa ABŞ və Çin şirkətləri liderlik edir. İlk üçlükdə müvafiq olaraq ABŞ şirkətləri olan “Lockheed Martin”, “Raytheon Technologies” (RTX) və “Northrop Grumman” yer alıb.

Mövzuya görə xəbərlər