Bakı, TurkicWorld
Türkiyə hər zaman olduğu kimi bu gün də Fələstin xalqının yanındadır.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə vitse-prezidenti Cevdet Yılmaz deyib.
"Sülh danışıqlarındakı həmsöhbətin hücuma məruz qalması əslində sülhə hücumdur. Bu, sülh istəməyənlərin kim olduğunu bir daha açıq şəkildə ortaya qoyur" – deyə Yılmaz bildirib.
İsmayıl Haniyənin vəfatı ilə əlaqədar ailəsinə və Fələstin xalqına başsağlığı verən Yılmaz, İsrail ilə Fələstin arasındakı sülh proseslərində siyasi həmsöhbətinin Haniyə olduğunu xatırladıb.
Yılmaz İsrailin baş naziri Binyamin Netanyahunun bu hücumla hadisələri regional münaqişəyə çevirərək beynəlxalq hüquq çərçivəsində soyqırımda mühakimə olunduğunu ört-basdır etməyə çalışdığını bildirib.
Xatırladaq ki, HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb. Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb. Belə ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahı raket atəşinə tutulub. Qeyd olunub ki, təkcə Haniyə deyil, onun mühafizəçilərindən biri də öldürülüb. Hadisə ilə bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı HƏMAS bəyanat yayaraq hərəkatın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İsrailin hücumu nəticəsində öldüyünü bildirib.
Xatırladaq ki, 13 iyul 2024-cü ildə İsrailin baş naziri Benyamin Netanyahu bütün HƏMAS rəhbərliyini hədələmişdi.
Hafiz Rufizoğlu