Bakı, TurkicWorld:
Türkiyənin ilk pilotlu reaktiv mühərrikli təyyarəsi olan HÜRJET xaricə ilk uçuşunu Misirə edəcək.
Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən məlumat verilib.
Məlumata əsasən, ölkə daxili uçuşlardan sonra HÜRJET 3-5 sentyabr tarixlərində keçiriləcək Misir Beynəlxalq Hava Sərgisində iştirak edəcək və planlaşdırılan şou ilə xüsusiyyətlərini nümayiş etdirəcək.
Məlumat üçün bildirək ki, bu sinifdən təyyarə axtaran Misir HÜRJET ilə maraqlanır. Hava şousu çərçivəsində HÜRJET və digər TUSAŞ məhsulları ilə bağlı Misir başda olmaqla region ölkələri ilə danışıqlar aparılacaq.
Qeyd edək ki, HÜRJET Reaktiv Təlim Təyyarələri Layihəsi çərçivəsində işlər, 2017-ci ilin avqust ayında başlayıb. İstehsalı tamamlanan ilk komponent 10 iyun 2022-ci il tarixində təşkil edilən mərasimlə son montaj xəttinə daşınıb və layihənin ən mühüm hissələrindən biri olan mühərrik, 30 yanvar 2023-cü ildə işə salınıb. HÜRJET ilk uçuşunu 2023-cü il aprelin 25-də edib.
27 dekabr 2022-ci il tarixində Müdafiə Sənayesi Rəhbərliyi ilə Türkiyə Aerokosmik Sənayesi arasında imzalanan müqavilə çərçivəsində, birinci mərhələdə dörd təyyarə, lazımi mərhələdə isə əlavə 12 təyyarə üçün razılıq əldə olunub.