Bakı. TurkicWorld:
Suriya, Yəmən, Liviya və ən son Ukraynadakı münaqişələr bizə göstərdi ki, mövcud qlobal sistem öz funksiyasını tamamilə itirib, lakin Qəzza qaydalara əsaslanan beynəlxalq nizamın həqiqətən iflasa uğradığı yerdir.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda çıxışı zamanı deyib.
"Qəzzada baş verənlər müharibə deyil, soyqırım cəhdidir. Beynəlxalq ictimaiyyət Fələstin xalqına olan borcunu ancaq Fələstin dövlətinin yaradılması ilə ödəyə bilər. Mən bir daha beynəlxalq ictimaiyyəti Qəzzanı və Fələstin məsələsini dəstəkləməyə dəvət edirəm", - deyə o vurğulayıb.
Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 70 mindən çox adam isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.