İstanbul hava limanında yeni sistem tətbiq edilib

İstanbul hava limanında yeni sistem tətbiq edilib

Bakı. TurkicWorld:

İstanbul hava limanında tətbiq edilən yeni sistemlə üç təyyarə eyni anda eniş edib qalxa biləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.

Uraloğlu, Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (Eurocontrol) hesabatına əsasən, İstanbul hava limanının 29 Yanvar-4 fevral tarixləri arasında gündə orta hesabla 1 309 uçuşla Avropanın ən işlək hava limanı olduğunu bildirib. İstanbul Hava Limanından sonra digər işlək hava limanları sırasıyla gündəlik orta hesabla 1 219 uçuşla Londonun Hetrov və 1 180 uçuşla Amsterdamın Şipol hava limanıdır.

"İstanbul hava limanının mövqeyini və hüquqlarını daha da gücləndirməliyik. Burada mövcud resurslardan ən təsirli şəkildə istifadə etmək üçün "Eyni zamanda müstəqil üçlü paralel eniş-enmə zolağı əməliyyatları" tətbiqi üçün 2022-ci ildə araşdırmalar aparılıb. Layihənin həyata keçirilməsi ilə İstanbul hava limanına üç təyyarənin eyni anda müstəqil olaraq qalxıb enməsi imkanı veriləcək. Gələn ay bu mövzuda təlimlərə başlayacağıq. Bu sistem dünyada yalnız ABŞ-da var, Avropada yoxdur. Biz onu Türkiyədə tətbiq edəndə bu, Avropada ilk olacaq",- deyə nazir qeyd edib.

Uraloğlu əlavə edib ki, bu tətbiqin istifadəsi ilə İstanbul hava limanında hava trafiki təhlükəsiz və sürətli şəkildə təmin ediləcək.

"Hazırda Türk Hava Yollarının (THY) İstanbul hava limanında 80 faizə yaxın nüfuzu var. Biz hava limanında müxtəlifliyi artırmaq istəyirik. Xarici aviaşirkətlərdən tələb var. Biz digər hava yollarını da cəlb etmək istəyirik. THY ciddi bir markadır",- deyə nazir vurğulayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_