Sabah Türkiyədə “Ukraynanın Yenidənqurulması Forumu” adlı sammit keçiriləcək

Sabah Türkiyədə “Ukraynanın Yenidənqurulması Forumu” adlı sammit keçiriləcək

Bakı. TurkicWorld:

Sabah Türkiyədə “Ukraynanın Yenidənqurulması Forumu” adlı tarixi sammit keçiriləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

"Türkiyə Rusiyanın işğalı nəticəsində infrastrukturu milyardlarla dollar zərər görən Ukraynanın gələcəyinin yenidən qurulmasına öz töhfəsini verəcək. Ukraynanın dirçəlməsi üçün dövlət qurumları və sənaye nümayəndələrinin iştirakı ilə tarixi sammit keçiriləcək. Sabah keçiriləcək “Ukraynanın Yenidənqurulması Forumu”nda müharibədən əziyyət çəkən ölkənin infrastrukturu müzakirə olunacaq",- deyə məlumatda bildirilib.

Türkiyənin Ticarət naziri Ömər Bolat və Ukrayna baş nazirinin müavini Aleksandr Kubrakovun görüşü ilə başlayacaq forum nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun Kubrakovla təkbətək görüşü ilə davam edəcək.

Açıq iclasda daha sonra çıxış edəcək tərəflər, Ukraynanın müharibə zamanı verdiyi itkilərdən danışacaqlar. İki ölkə arasında imzalanacaq müqavilələrdən sonra Ukrayna qurumları və Türkiyə podratçı şirkətləri təqdimat edəcək və fikirlərini bölüşəcəklər.

Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsinin başlanmasının qarşısını almaq üçün ən çox səy göstərən ölkə Türkiyə olub. Müharibə başlayandan sonra atəşkəsi təmin etmək üçün mart ayında Ukrayna və Rusiyanı iki dəfə bir araya gətirə bilən Türkiyə, növbəti vasitəçiliklə 215 ukraynalı əsirinin azad edilməsini təmin edib.

Aytac Süleymanova

Twitter: a_alieva_