Ərdoğanın Macarıstana səfəri iki ölkə arasında iqtisadi əlaqələri daha da gücləndirəcək

Ərdoğanın Macarıstana səfəri iki ölkə arasında iqtisadi əlaqələri daha da gücləndirəcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 18 dekabr tarixində Macarıstana rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, səfər çərçivəsində iki ölkənin iqtisadi əlaqələri ilə yanaşı, siyasi və diplomatik mövzular da müzakirə ediləcək.

Məlumata əsasən, R.T.Ərdoğanın Macarıstan prezidenti Katalin Novak və baş nazir Viktor Orbanla görüşləri gözlənilir.

Bundan əlavə, görüşlər zamanı Türkiyənin Avropa İttifaqı (Aİ) ilə əlaqələrindən Qəzzada son vəziyyətə qədər gündəm mövzularının müzakirə edilməsi planlaşdırılır. Bu çərçivədə Yüksək Səviyyəli Strateji Şuranın İclası da keçiriləcək. İki ölkənin nazirləri əlaqələrin bütün aspektlərini dəyərləndirəcək və yeni sazişlər imzalayacaqlar.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatında da güclü əməkdaşlığa malik iki ölkə 3,3 milyard dollara çatan ticarət həcmini 6 milyard dollara çatdırmağı hədəfləyir. Türk podratçı şirkətləri bu günə qədər Macarıstanda təxminən 1,5 milyard dollar dəyərində 55 layihə həyata keçirib. Texniki məsləhət xidmətlərində 1,75 milyard dollar dəyərində 5 layihə həyata keçirilib. Hazırda Macarıstanda 500-ə yaxın türk şirkəti fəaliyyət göstərir.

İki ölkə arasında enerji sahəsində də mühüm müqavilələr imzalanır. Bu il Petroleum Pipelines Inc. (BOTAŞ) ilə Macarıstanın təbii qaz şirkəti MVM arasında təbii qaz ixracı müqaviləsi imzalanıb. Razılaşmaya əsasən, gələn ildən başlayaraq Türkiyənin Macarıstana təbii qaz ixracı planlaşdırılır. İki ölkənin Türkiyənin mayeləşdirilmiş təbii qaz infrastrukturunun və təbii qaz anbarlarının istifadəsi sahəsində də əməkdaşlıq edəcəyi gözlənilir.

Türkiyə Rusiya qazının “Türk axını” boru kəməri ilə Macarıstana göndərilməsi üçün tranzit ölkədir. Gələcəkdə spot və uzunmüddətli müqavilələr çərçivəsində Azərbaycandan və potensial Türkmənistandan Macarıstana daha böyük həcmdə qaz idxalının tədarükü də bu razılaşmaya töhfə verəcəyi gözlənilir.

X: Lamanasadli01