Bakı. TurkicWorld:
2017-ci ildə Batman-Kozlukda PKK terror təşkilatı tərəfindən şəhid olan müəllimə Şenay Aybükə Yalçının atası Sadık Yalçın və onu müşayiət edən heyət Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçunu ziyarət edib.
TurkicWorld xəbər verir ki, noyabrın 24-də ekranlara çıxan TRT ilə birgə istehsal olan “Müəllim oldum” filminə verdiyi töhfələrə görə Yalçın Topçuya təşəkkür edən heyətdə filmin ssenari müəllifi Uğur Kılıç və filmin prodüseri İsmail Dəmir də olub.
“Aybükə müəllimə vətən sevgisi, müəllimlik eşqi ilə millətimizin qəlbində yer alan müəllimə oldu və sayı 200-ə çatan bütün müəllimlərimizin xatirəsini bu film vasitəsilə yaşatdı”, – deyə Y.Topçu bildirib.
Filmin ssenari müəllifi Uğur Kılıç filmin Cümhuriyyətin 100-cü ildönümündə başda şəhid müəllimləri olmaqla bütün müəllimlərə ehtiram və sədaqət borcu olduğunu qeyd edib.
O, həmçinin, filmin iki qardaş ölkənin, Azərbaycan və Türkiyənin taleyini birləşdirən film olduğunu, filmdə Xocalı qətliamından bəhs edildiyini və PKK terror təşkilatının əsl üzünün göstərilməsi baxımından filmin həm terror təşkilatı, həm də erməni diasporu tərəfindən ciddi reaksiya və hücumlarla üzləşdiyini vurğulayıb.
Filmin prodüseri İsmail Dəmir isə filmin premyerasının noyabrın 23-də Türkiyə prezidentinin himayəsi ilə keçirilməsinin böyük şərəf olduğunu və bunun dövlət başçısının verdiyi dəyərin konkret göstəricisi olduğunu qeyd edib.