Qarabağda 30 ilə yaxın davam edən erməni işğalına Azərbaycan 44 gündə son qoyaraq yeni bir şanlı tarixə imza atdı - Yalçın Topçu (ÖZƏL)

Qarabağda 30 ilə yaxın davam edən erməni işğalına Azərbaycan 44 gündə son qoyaraq yeni bir şanlı tarixə imza atdı - Yalçın Topçu (ÖZƏL)

Bakı. TurkicWorld:

Qarabağda 30 ilə yaxın davam edən erməni işğalına Azərbaycan 44 gündə son qoyaraq yeni bir şanlı tarixə imza atdı.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu bildirib.

"Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını, Qarabağ bölgəsində həyata keçirdiyi soyqırım və vəhşilikləri səssizcə dəstəkləyən Sovet İttifaqına qarşı Azərbaycan xalqının başlatdığı müstəqillik hərəkatının dönüş nöqtəsi 1988-ci il noyabrın 17-də Bakıda baş verdi. Böyük iştirakla keçirilən və 17 gün davam edən böyük mitinq, həm də Sovet İttifaqı dövründə ən böyük mitinq kimi tarixə düşdü. Azərbaycan türkləri işğalçı və soyqırımçı erməni quldur dəstələrinə və onların bütün havadarlarına qarşı “Ya istiqlal, ya ölüm” dedilər. 1988-ci il noyabrın 17-də Bakıda keçirilən bu şanlı müqavimət mitinqi bütün varlıqları ilə əsarət və boyunduruğu rədd edən türklərin tarixinə qızıl hərflərlə yazılmış daha bir şərəfli səhifə əlavə etdi",- deyə Yalçın Topçu bildirib.

Yalçın Topçu qeyd edib ki, qəhrəman Azərbaycan xalqının noyabrın 17-də başlatdığı bu tarixi üsyan təkcə özünün deyil, Sovet Sosialist Respublikaları İttifaqında hər bir xalqın azadlıq və istiqlal məşəlini alovlandırdı. Bakıda günlərlə davam edən istiqlal mitinqləri regionda və dünyada gündən-günə yüksələn azad və tam müstəqil Azərbaycan Türk dövlətinin əsasını qoydu. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” olaraq bu gün bu şərəfli və şanlı Milli Dirçəliş Gününü qardaşlarımızla birlikdə inamla qeyd edirik.

"Noyabrın 17-də yenidən layiq olduğu səmalarda dalğalanmağa başlayan Can Azərbaycanın şanlı üçrəngli bayrağı bu gün Qarabağda qürurla dalğalanır. İşğalçı Ermənistanın 30 ilə yaxındır davam edən vəhşi və qanunsuz Qarabağ işğalına 44 günlük qələbə ilə son qoyan, daha sonra 24 saatlıq antiterror əməliyyatı ilə erməni terror təşkilatlarını diz çökdürən Azərbaycan Silahlı Qüvvələri, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib gəldi",- deyə o vurğulayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_